Bu il Azərbaycanda ali
məktəblərə qəbul olanlar arasında ən yaşlı tələbə Atakişi Ağayevdir.
1963-cü il təvəllüdlü Ağayev qəbul imtahanından uğurla keçərək Bakı
İslam Universitetinin Dinşunaslıq fakültəsinə qəbul olub.
İlin ən yaşlı tələbəsi statusunu qazanan Ağayev AzVision.az-a açıqlamasında bildirib ki, o, imtahana maraq üçün qatılıb və qəbul olub.
"Çox
şey bekarçılıqdan olur, sənədlərimi verdim, eşitdim ki, qəbul olmuşam.
Peyğəmbərin sözü ilə desək, beşikdən qəbir evinə qədər öyrənirik. Gördüm
ki, şagirdlər sənədlərini verir, mən də verdim. İmtahanda ən çox
köməyimə çatan "Rus dili” fənni oldu. Qapı, pəncərəyə rus dilində nə
deyilir, bu kimi suallar düşmüşdü. Onu da həyat təcrübəmdən bilirdim.
Həm də kitab oxuyanam, televizora baxıram, internetdə məlumatlar
toplayıram”.
Lənkəranda yaşayan A.Ağayev ödənişli əsaslarla qiyabi təhsil alacaq. İllik təhsil haqqı 1300 manatdır.
"Qəbul
olunduğun barədə xəbəri eşitmək gözəl hissdir. İnsanlar qəbul ola
bilməyədə özünü atır. Bu imtahan məni bir az da cavanlaşdırdı.
Qohum-əqrabanın da münasibəti yaxşı oldu. Axırıncı dəfə məktəbə sənəd
verəndə 32 yaşım var idi. Onda dedilər ki, ailə qurmaq lazımdır.
Əmimoğlu 60 yaşında universitetə qəbul oldu, 5 il oxudu. Məktəbdə yaxşı
oxuyan olmuşam, kitaba-dəftərə həvəsim olub. İslam
dininə gəlincə, mollaya hər yaşda ehtiyac var. Hüquq və ya iqtisadiyyat
deyil ki, desinlər qoca kişidir, işə götürməsinlər. Hazırda fərdi
əməklə məşğulam. Tikinti işləri görürəm. Molla sözünün mənası dərindir, İslamda alimə molla deyilir. Lakin bizim bozbaş yeyən, pul hərisi mollalar bu adı korlayırlar”.
Ali təhsil müəssisələrinə qeydiyyat sabah başa çatsa da, A.Ağayev hələ universitetə sənədlərini təqdim etməyib.
"Bu gün Bakıya gəlmişdim, pul da gətirmişdim. Lakin bir uşaq gözündən əməliyyat olunmalıdır. Onu rayondan Bakıya
gətirmişik. Uşağı sabah əməliyyat etsələr, pulu ora verəcəm, etməsələr
oxumaq məsələsinə baxaram. Uşağın sağlamlığı daha əhəmiyyətlidir. İllik
təhsil haqqını verən olsa, inkar etmərəm, gedib oxuyuram. Bundan öncə
ali təhsil almamışan, yalnız orta təhsil və texniki peşə təhsillim var. 3
övladım var, 2-si oğlan, biri qızdır. Onlardan heç biri oxumayıb, amma
oğlanların sənədləri var, çörək pullarını çıxarırlar. Hamısı ailə həyatı
qurub, yəni çörək, paltar istəyinim yoxdur, oxumaq olar".