Paytaxt
məktəblərindəki məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üçün elekton
sistemdə 13 212 ərizənin onlayn qeydiyyatı (27.08.2018-ci il tarixinə
saat 11:00-a olan məlumata əsasən) aparılıb.
Bakı
Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil
müəssisələrində 2018-2019-cu dərs ili üçün məktəbəhazırlıq qruplarına
avqustun 15-dən başlanmış elektron qeydiyyat prosesi sentyabrın 25-dək
davam edəcək. Elektron ərizəsi qeydiyyata alınan şəxslərin
məktəbəhazırlıq qruplarına məktəblərdə sənəd qəbulu isə sentyabrın
28-dək (həftənin III, IV, V, VI günləri saat 10:00-dan 16:00-dək)
aparılacaq.
Məktəbəhazırlıq qruplarına şagird qəbulu www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə həyata keçirilir.
Məktəbəhazırlıq
qruplarında gün ərzində 3 saat, həftədə 4 gün olmaqla 12 məşğələ
keçirilir. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10
dəqiqə müəyyənləşdirilib. Qruplarda "Ətraf aləmlə tanışlıq”, "Savad
təliminə hazırlıq və nitq inkişafı”, "Bədii təfəkkürün inkişafı”,
"Məntiqi və riyazi təfəkkürün inkişafı”, "Təsviri fəaliyyət”, "Musiqi”,
"Fiziki mədəniyyət” məşğələləri keçirilir.
Dövlət ümumi təhsil
məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında dərs ili iki
yarımilə bölünür. Məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 1-də
başlayıb, mayın 31-də başa çatacaq.
Xatırladaq ki, Azərbaycanda
2015-2016-cı tədris ilində məktəbəhazırlıq proqramı bütün 5 yaşında olan
uşaqların 24, 2016-2017-ci dərs ilində 55, 2017-2018-ci tədris ilində
65 faizini əhatə edib. 2018-2019-cu dərs ilində həmin göstəricinin 75,
2019-2020-ci tədris ilində isə 90 faizə çatdırılması nəzərdə tutulur.