"Oğluma dəstək olmaq məqsədi ilə imtahan verdim”
Bakı
şəhəri 328 saylı məktəbdə ibtidai sinif müəllimi işləyən Kifayət
Cabbarova bu il keçirilən qəbul imtahanlarında iştirak edərək Azərbaycan
Kooperasiya Universitetinin İngilis dili fakültəsinə qəbul olunub. Onun
oğlu Hüseyn Cabbarlı isə Bakı Dövlət Universitetinin jurnalistika
fakültəsinin tələbəsi adını qazanıb. Ana və övladının eyni vaxtda tələbə olması ictimaiyyət arasında maraqla qarşılanıb.
K.Cabbarova AzVision.az-a açıqlamasında bildirib ki, o, övladına dəstək olmaq üçün imtahana qatılıb.
"Krikulumda
fənlərarası inteqrasiya olur. Öz ixtisasım olmasa belə, bəzən ingilis
dili dərslərinə böyük maraq göstərirdim. Bu il oğlum imtahana
hazırlaşırdı, ona dəstək olmaq üçün mən də qəbul imtahanında iştirak
etmək qərarına gəldim. Oğluma dedim ki, gəl, bir yerdə imtahan verək.
Həm də özümü sınamaq istəyirdim. Fantastik bal toplamamışıq. Amma qəbul
üçün yetərlidir. Mən özəl universitetdə pullu təhsil alacağam, övladım
isə ödənişsiz oxuyacaq", - deyə K.Cabbarova həyat yoldaşının Qarabağ
əlili olduğunu vurğulayıb.
"Yoldaşım
Qarabağ əlili olub, altı il əvvəl rəhmətə gedib. Ailədə iki nəfərik,
oğlum və mən. Hamı bizi təbrik etdi, həm də insanlara maraqlı və qəribə
gəldi”.
Tələbə adını qazanan ana imtahanlara hazırlaşmaq üçün
müəllim yanına getmədiyini əlavə edib: "Müəllim yanına getməmişdim.
Məndə ingilis dili orta məktəb bazasındadır. Kiçik hekayələri oxuyuram.
Düşünürəm ki, dil hər kəsə lazımdır, uyğun məqamda istifadə edə bilərəm.
Amma ibtidai sinif rəhbərliyini dəyişmək istəmirəm. Açığı bir az
həyacanlıyam. Tələbəlik və işimin bir-birinə mane olmamasına
çalışacağam”.
Qeyd edək ki, K.Cabbarova Azərbaycan Kooperasiya Universitetində qiyabi təhsil alacaq.