Dövlət İmtahan Mərkəzi
(DİM) tərəfindən 18 avqust 2018-ci il tarixində dövlət qulluğunda
inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və
BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün
test imtahanı keçirilib.
DİM-dən XəzərXəbər-ə verilən məlumata görə, imtahan təlimata uyğun olaraq kağız daşıyıcılar
vasitəsilə 3 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş
etdirmələri üçün zəruri şərait yaradılıb.
İmtahan nəticələrinin gün ərzində elan olunması nəzərdə tutulur.
Qeyd
edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara
daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın
qüvvədə olma müddəti 5 ildir.
Test imtahanından müvəffəqiyyətlə
keçən namizəd sertifikatı əldə etmək üçün nəticələri elan olunduqdan 10
iş günü müddətində DİM-in portalında müraciət formasını doldurmalıdır.
Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması
məqsədilə aşağıdakı sənədlərin skan edilmiş surətləri formaya əlavə
edilir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti (olduğu halda).
Müraciət
formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin
düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması
mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən
edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədilə
həmin sənədlərin əslini 5 iş günü müddətində DİM-ə təqdim etməlidir.
İnzibati
vəzifələrin müvafiq altqrupu üzrə sertifikata malik olan şəxs
sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu
qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən
müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün
müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant
vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir.
Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak
edə bilməz.