Xəzər Xəbər

Lənkəranda 22 km yol təmir olunur

Cəmiyyət | 10:33 • 17 Avqust 2018
Lənkəranda 22 km yol təmir olunur
Sənayenin, turizmin və kənd təsərrüfatının inkişafına təkan verən və bölgələrimizin müxtəlif istiqamətlər üzrə potensialını nümayiş etdirən avtomobil yollarının yenidən qurulması işləri geniş vüsət alıb. Lənkəran rayonu da genişmiqyaslı işlərdən kənarda qalmayıb.


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən xəbərə görə, bu il rayonda uzunluğu 22 km olan avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması bitmək üzrədir. Bu başlanğıcını M3 Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolundan götürən yerli əhəmiyyətli Hirkan-Daştatük-Biləsər avtomobil yoludur.


Lənkəran rayonu Hirkan-Daştatük-Biləsər avtomobil yolunun ilk 10 km-lik hissəsi qara örtüklü, qalan 12 km-lik hissəsi isə torpaq örtüklü idi. Lakin uzun müddət əsaslı təmir olunmadan istismar olunduğundan yol geyimi və yolun əsası, həmçinin torpaq yatağı sel sularının təsirindən yuyularaq deformasiyaya uğramış, hərəkət hissəsində qabarmalar, çalalar əmələ gəlmişdi. Aparılan yenidənqurma işləri ilə sadalanan problemlər aradan qaldırılıb.

Hirkan-Daştatük-Biləsər avtomobil yolunun 10 km-lik hissəsində mövcud qara örtük 6 min kub.mhəcmdə sökülərək, kənara daşınıb, yolun deformasiyaya uğramış hissələri qazılaraq çıxarılıb, əvəzinə 12 min kub.m həcmdə yol yatağının karxana çınqılı ilə tikintisi işləri aparılıb. Sözügedən hissədə yol IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Bunun üçün yolun eni 6-7 metrdən 10 metrə qədər genişləndirilib. Yolun normativ eninin alınması üçün qruntun mexanizmlə kəsilməsi və daşınması, həmçinin torpaq yatağının layihə hündürlüyünə çatdırılması işləri görülüb, çiyin hissələr bərkidilib.

Daha sonra qum-çınqıl və optimal-qırmadaş qarışıqlarından yol əsasının 24 sm hündürlükdə alt və 16 sm hündürlükdə üst qatının tikintisi işləri aparılıb. Bu işlər 100 min kv.m-dən çox sahəni əhatə edib. Texnoloji ardıcıllığa riayət olunmaqla hazırda əlaqələndirici bitum səpilərək yol asfaltlanır. Yola 7 və 5 sm hündürlükdə olmaqla 58 min kv.m sahədə 2 laydan ibarət iri və xırda dənəli asfalt-beton qarışığı döşənir.

Hirkan-Daştatük-Biləsər avtomobil yolunun qalan 12 km-lik torpaq örtüklü hissəsinin çınqıl örtüklü olmaqla tikintisi nəzərdə tutulub. Bu çərçivədə yolun deformasiyaya uğramış hissələri qazılaraq çıxarılıb, əvəzinə 27.5 min kub.m həcmdə yol yatağının karxana çınqılı ilə tikintisi, torpaq yatağının layihə hündürlüyünə qaldırlması üçün 130 min kub.m qruntun mexanizmlə kəsilərək, daşınması, yatağın normativ eninin alınması üçün 13 min kub.m III qrup qruntun daşınaraq avtoqreyderlə yayılması və vərdənə ilə kipləşdirilməsi işləri aparılıb. Hazırda 80 min kv.m sahədə yol əsasının 24 sm qalınlıqda qum-çınqıl qarışığı ilə alt, 16 sm qalınlıqda isə optimal-qırmadaş qarışığı ilə üst layının tikintisi işləri aparılır.

Hirkan-Daştatük-Biləsər avtomobil yolunun bir-neçə nöqtəsində sürüşmə əraziləri mövcud olduğu üçün burda yol yatağının əlavə bərkidilməsi işləri görülüb. Belə ki, 90 min kub.m həcmdə xüsusi qrup qruntun əraziyə gətirilərək yayılması və kipləşdirilməsi, avtoqreyderlə 16.5 km uzunluğunda küvetlərin açılması, 530 kub.m dəmir-beton küvetlərin inşası aparılıb. .
Bundan başqa yolun müxtəlif nöqtələrində 800 m-ə yaxın istinad divarının dəmir-betonla tikilməsi və izolyasiyası, mövcud suötürücü borular istismara yaramadığı üçün yenisi ilə əvəz edilməsi və zəruri yerlərdə yenilərinin quraşdırılması, başlıqlarının dəmir-betonla təmiri və izolyasıyasi da görülüb. Bu çərçivədə yol boyu 780 paqon-metr uzunluğunda 750, 1000, 1250 və 1500 mm diametrli suötürücü dəmir-beton boru quraşdırılıb.

Tikinti işlərini sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yollar boyu 56 ədəd yol nişanı, 20 ədəd km göstəricisi quraşdırılacaq, mövcud avtomobil körpülərinin məhəccərləri yeniləri ilə əvəz olunacaq, 30 km uzunluğunda yolcizgi və yolgöstərici xətlər çəkiləcək.

Yenidənqurma işləri mövcud tikinti norma və standartlarına uyğun, texnoloji ardıcıllıqla və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılır. Tərtib olunmuş qrafikə uyğun işlərin yaxı aylarda başa çatdırılması üçün ərazidə lazımi sayda canlı qüvvə və texnika çalışır.

Qeyd edək ki, Hirkan-Daştatük-Biləsər avtomobil yolunun yenidən qurulması ilə 7.5 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsinin nəqliyyat əlaqəsi yaxşılaşacaq, vətəndaşlar rayon mərkəzinə və M3 Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə etməklə, yük və sərnişin daşıması asanlaşacaq. Bundan başqa yolun keçdiyi ərazilər boyu vətəndaşların sosial rifah halına müsbət təsir göstərən turizmin inişafı və yeni turizm marşrutlarının yaranması da hədəflənir.

Xəbər lenti