Xəzər Xəbər

Son 25 ildə Azərbaycanda havanın orta temperaturu artıb

Cəmiyyət | 11:33 • 12 Avqust 2018
Son 25 ildə Azərbaycanda havanın orta temperaturu artıb

Son illər müşahidə olunan anomal istilərin yaratdığı fəsadlar artıq əksər ölkələrin ciddi narahatlığına səbəb olub. Dünyanın müxtəlif regionlarında, o cümlədən Avropa ölkələrində tüğyan edən meşə yanğınları, havanın hərarətinin yüksəlməsi, iqlim dəyişikliyi bəzi hallarda insanları çıxılmaz vəziyyətə salır, faciələrə səbəb olur.

XəzərXəbər cbc.az-a istinadən xəbər verir ki, ekoloqlar son illər təbiətdə baş verən anomal istilərin yaranmasının əsas səbəblərini antropogen dəyişikliklərlə izah edir. Eyni zamanda, dünyada gedən sürətli sənayeləşmə nəticəsində atmosferə buraxılan istilik effekti yaradan qazların həcminin artması ilə əlaqələndirilir. Bu baxımdan, Dünya Metrologiya Təşkilatı insanların iqlimə adaptasiya olunması üçün bir sıra tədbirlər üzərində işləyməyə başlayıb. Paralel olaraq atmosferə buraxılan istilik effekti yaradan qazların həcminin azaldılması üçün sənaye ölkələrinə müraciət edir, parkların, yaşıllıqların sayını artırmağa çağırır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva deyir ki, 1961-90-ci illərlə müqayisədə son 20-25 ildə isti hava dalğalarının sayı və davamiyyəti artmaqdadır: "35 dərəcə temperaturdan artıq olan günlərin sayı 5 gündən artıq olmalıdır. Bu hadisdəyə isti hava dalğası deyirlər. Əgər baza dövründə iki isti hava dalğası müşahidə olunubsa, son 25 ildə onların sayı 17-ə çatıb. Bu o deməkdir ki, anomal isti günləri yay dövründə artıb, xeyli artıb”.

Hazırda dünyanın əksər ölkələri İqlim dəyişmələri üzrə çərçivə konvensiyasına dair 2015-ci ildə qəbul olunan Paris razılaşmasına qoşulub. Azərbaycan da bu razılaşmaya qoşulan ölkələrədən biridir. Razılaşmaya əsasən, Azərbaycan 2030-cu ilədək istilik effekti yaradan qazların konsentrasiyasını 35 faizə qədər azaltmağı öhdəlik olaraq öz üzərinə götürüb və bu öhdəliyini yerinə yetirir. Amma əksər ölkələrin razılaşmaya tam olaraq əməl etməməsi müsbət dəyişikliklərin əldə olunmasını ləngidir.

Azərbaycan da digər ölkələr kimi xüsusilə yay fəslində anomal istilərdən əziyyət çəkən ölkələrdən sayılır. Yüksək temperatur, meşə yanğınları, insanların səhətində problemlərin yaranması Azərbaycanı narahat etməyə bilməz. Baza dövrü hesab olunan 1961-90-cı illərlə müqayisədə Azərbaycanda da temperatur artımı müşahidə olunur.

"Həmin illərlə müqayisədə havanın temperaturu ölkə ərazisində 0,3 dərəcədən 1,5 dərəcəyə qədər yüksəlib. Daha çox artım Böyük Qafqazın dağlıq və dağətəyi rayonlarında müşahidə olunub. Burda artım 1,1 və 1.4 dərəcədir. Ən az artım Naxşıvan Muxtar Respublikasında və Lənkəran-Astara zonasında müşahidə olunur”.

Aparılan araşdırmaların nəticələrinə görə, atmosferi çirkləndirən qazlar günəşdən gələn şüaları sərbəst yerə buraxır, yerdən əks olunan şüaları isə özündə saxlayır. Ona görə Yer planeti qızmağa başlayır. Ekoloqlar qlobal istiləşmənin təsirini azaltmaq üçün təbiətə antropogen təsirləri azaltmağı, daha çox alternativ və bərpa olunan enerjidən istifadə etməyi, yaşıllıqları qorumağı vacib sayır. Əks təqdirdə, Yerin orta temperaturunun 4-5 dərəcə yüksələcəyi proqnozlaşdırılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti