Xəzər Xəbər

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin qeydiyyatı bu gün başa çatır

Cəmiyyət | 10:25 • 1 Avqust 2018
Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin qeydiyyatı bu gün başa çatır

Üçüncü ixtisas qrupu üzrə imtahan verən və jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər avqustun 1-i saat 23:59-dək http://eservices.dim.gov.az/erizebak/jurnalistika/ linki vasitəsilə qeydiyyatdan keçməlidirlər.


Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC- a bildirilib ki, qeydiyyatdan keçən abituriyentlər test imtahanının nəticələrinə əsasən, müvafiq müsabiqə şərtlərini (ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan, dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan) ödədikləri halda, təqdim olunan mövzu üzrə yazı işi (inşa) yerinə yetirirlər.


Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən və xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qeydiyyatdan keçməyən Azərbaycan Respublikasının vətəndaşlarının cari ildə jurnalistika ixtisası üzrə yazı işində iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olacaq. Digər abituriyentlər qeydiyyatdan keçərkən tələb olunan məbləği şəxsi kabinetindəki hesabına əlavə etməlidirlər.


Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin qabiliyyət imtahanı avqustun 6-da keçiriləcək. Bu mərhələdən uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı, jurnalistika ixtisasını da seçə bilərlər.


Qabiliyyət imtahanı mərhələsində bakalavrlara təklif olunacaq inşa mövzuları (Azərbaycan və rus dilində), bakalavrların yazacaqları inşaya (esseyə) verilən tələblərlə DİM-in internet səhifəsindən tanış olmaq mümkündür.

Xəbər lenti