Xəzər Xəbər

Qəribə adı, qədim tarixi olan kənd: Onun balına rus çarı da göz dikibmiş

Cəmiyyət | 17:05 • 15 İyul 2018
Qəribə adı, qədim tarixi olan kənd:

Bu problemlər ucbatından 1400 nəfər sakini olan kənddə hazırda 886 nəfər yaşayır

Astara rayonunun Miki kəndi nəinki respublikada, hətta bəzi xarici ölkələrdə də məşhurdur. Bu məşhurluğu Mikiyə kənddə tədarük edilən "bal" gətirib. "Miki balı", demək olar ki, hər yerdə tanınır.


Miki kəndinin 67 yaşlı sakini, uzun illər Miki kənd orta məktəbinin direktoru işləmiş, Azərbaycan dili və ədəbiyyat müəllimi Xanağa Hüseynov da kənd sakinlərinin əksəriyyəti kimi arıçılıqla məşğuldur.

Spuntik Azərbaycan-a danışan Xanağa müəllim deyir ki, Miki kəndinin ərazisi əvvəllər yaylaq olub: "Dədə-babalarımız yaylağa köçüblər. Əvvəlcə çadırlarda məskunlaşıblar, sonra isə gildən evlər tikib yaşamağa başlayıblar. Kənd, təxminən, XX əsrin əvvəllərində illərində heyvandarların otlağı olub. Burada 5-6 ev, 2-3 tayfa, onların da 3-4 təsərrüfatı olub. Getdikcə nəsillər artıb və Miki əmələ gəlib".

Miki kəndinin adına gəlincə isə öyrəndik ki, bununla bağlı iki versiya var. Birinci versiyaya görə, təxminən XII əsrdə Monkin adlı tatar sərkərdə bu ərazilərdə gedən döyüşlərdə həlak olub və kəndin meşə ərazilərində qəbiristanlıqda dəfn edilib. Ehtimal olunur ki, kəndin adı da Monkinin öldüyü yer kimi Miki qalıb.

Digər variant barədə isə Xanağa müəllim məlumat verir: "Mən bir iranlı alimin "Kadusilər"in tarixi haqqında yazdığı kitabdan talışların tarixi barədə oxumuşam. Orada bizim kənd haqqında da qeyd edilib. Lakin həmin kitabda "Miyanküy" adı ilə yazılıb. "Miyan" talışca "orta", "küy" isə "dağlar" deməkdir. Yəni dağlar ortasında kənd. Sonradan isə tələffüzə uyğun olaraq dəyişdirilərək "Miki"yə çevrilib".

Xanağa müəllimin babaları 1918-ci ildən Mikidə arı saxlayıblar: "O vaxt 4 kişi birləşib arıçılıq təsərrüfatı yaradıblar. Meşə ağaclarının içərisini kəsib-yonublar, arılar üçün yeşiklə, səbətlər düzəldiblər. Arı kovuşlarını həmin yeşiklərə köçürüblər. Sovet vaxtı isə indiki formada olan arı yeşikləri çıxıb, həmin yeşiklərdən istifadə edərək arıçılığı daha da artırıblar".

"Sonra Astarada Arıçılıq Sovxozu yaradıldı. Sovxozda olan arı təsərrüfatının əksəriyyəti babamın arı ailələrindən təşkil edilmişdi. Atam da həmin sovxozda briqadir işləyirdi"— deyə əlavə edir həmsöhbətimiz.


Miki kənd orta məktəbinin keçmiş direktoru Xanağa Hüseynov da əksər kənd sakinləri kimi arıçılıqla məşğuldur

Hazırda mikililərin əsas məşğuliyyəti arıçılıq, maldarlıq və sitrusçuluqdur. Sitrusçuluq son illərdə inkişaf etdirilib. Həm gəlirli sahə, həm də sitrus ağaclarının arıçılığa çox xeyri olduğuna görə. Belə ki, arılar sitrus meyvələrinin çiçəklərindən nektar çəkir.

Mikidə cır xurma, ağcaqayın, cökə ağacları da var ki, arıçılıq üçün xeyli faydalıdır. Arıçılar may balını süzəndən sonra arıları meşəyə aparırlar. Təqribən, avqustun 20-nə kimi orada saxlayırlar. Miki balını həm dadına, həm keyfiyyətinə, həm də qoxusuna görə fərqləndirən cəhətlərdən biri də elə budur.

Xanağa Hüseynov vurğulayır ki, Miki balı o qədər məşhurdur ki, Rusiya çarı I Pyotr belə, bu baldan istəyib.

Bu gün üçün Miki kəndində 3 minə yaxın arı ailəsi var

Müsahibimiz Mikidə bütün kənd sakinlərinin arıçılıqla məşğul olmalarının səbəbini də izah edir: "Bal satışı yarmarkaları təşkil olunmağa başlayandan sonra əhali də gördü ki, arı saxlamaq xeyirlidir. Hamı təsərrüfatında arıçılığı genişləndirdi. İndi kənddə həyətində 200-300 arı yeşiyi olan kəndlilər var. Həvəskar arıçının belə, azı 20-30 arı yeşiyi vardı. Ümumilikdə Astarada 27-30 minə yaxın arı ailəsi var ki, bunun, təxminən, 3 mini Mikidədir".

Xanağa müəllimin özünün isə gəzdirdiyi 297 arı yeşiyi var, 30 yeşik isə köhnə olduğuna görə həyətdə qalır.

Miki kəndinin meşə massivinə getdikdə yolboyu arı yeşiklərinin düzüldüyünün şahidi oluruq. Arıçılar öz aralarında yerləri bölüşdürüb, arıları yerləşdiriblər. Maraqlısı odur ki, arı yeşiklərini heç kim qorumur və kiminsə arısına toxunan yoxdur. Səbəbini soruşduqda, belə izah edirlər ki, arı oğurluğu sevmir, haramı götürmür. Arıya haram əli dəyəndə məhv olur. Arıçılar meşədə düzülmüş arı yeşiklərini avqustun sonunda yenidən kəndə qaytarırlar. Məhsullarını süzəndən sonra vitaminlərini, antibiotiklərini verib qışlamaya hazırlayırlar.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
534 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti