20 və 94 nömrəli müntəzəm marşrut xətləri ilə bağlı iyunun 5-də elan edilən müsabiqəyə yekun vurulub.
Bakı Nəqliyyat Agentliyindən XəzərXəbər-ə verilən məlumata görə, qanunvericiliyə uyğun keçirilən müsabiqənin
qalibi "BakuBus” MMC olub. Əvvəlcədən nəzərdə tutulduğu kimi, hər iki
marşruta dair sərnişindaşıma xidmətləri bir daşıyıcı tərəfindən icra
ediləcək.
Qeyd edilən marşrutların nömrələri 7A və 7B olaraq
müəyyən edilməklə son dayanacaq məntəqələri də dəyişdirilib. 7A marşrutu
üzrə avtobuslar Beynəlxalq Avtovağzal Kompleksi - "Əhmədli”
metrostansiyası, 7B marşrutu üzrə isə Yeni Yasamal qəsəbəsi ("Qismət”
ş.s) - "Əhmədli” metrostansiyası istiqamətində sərnişinlərə xidmət
göstərəcək. Müsabiqə şərtlərinə uyğun olaraq, 7A və 7B marşrut
xətlərinin fəaliyyəti yaxın günlərdə təmin ediləcək.
Vahid
hərəkət cədvəli ilə xidmət göstərəcək marşrut xətlərində avtobuslarda
nağdsız ödəniş sistemi tətbiq ediləcək. Bunu nəzərə alaraq, marşrut
xətti üzrə təhlillər aparılaraq müvafiq dayanacaq məntəqələrində ödəmə
terminalları quraşdırılıb. Həmçinin yeni dayanacaq məntəqələri
müəyyənləşdirilib.
Xatırladaq ki, hər iki marşrut xətti ilə bağlı
aparılan kompleks təhlillərlə müəyyən edilib ki, 20 və 94 nömrəli
marşrut xətlərinin ayrı-ayrı daşıyıcılar tərəfindən istismar edilməsi,
hərəkət sxemlərinin üst-üstə düşməsi (20 Yanvar
metrostansiyasından "8-ci km bazarı”na qədər) Ziya Bünyadov
prospektində avtobus sürücüləri arasında mütəmadi olaraq ötmə
əməliyyatlarının aparılmasına, tıxacların yaranmasına səbəb olurdu. Qeyd
edilən marşrut xətləri üzrə avtobus sürücülərinin təhlükəli manevr və
ötmə əməliyyatları etməsi səbəbindən dəfələrlə ağır yol nəqliyyat
hadisələri də baş verirdi. Bununla yanaşı, hər iki marşruta aid avtobus
sürücülərinin sərnişinlərlə etik davranış qaydlarını pozmaları və
təhlükəsizlik tədbirlərinə riayət etməmələri barədə 141 Çağrı Mərkəzinə
vətəndaşlar tərəfindən çoxsaylı müraciətlər daxil olurdu.
Qeyd edək ki, Bakı
şəhərində mövcud bütün marşrut xətləri müvafiq qanunvericiliyin
tələblərinə uyğun olaraq, mərhələli qaydada müsabiqəyə təqdim ediləcək.
Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyətinin,
təhlükəsizliyin və rahatlığın artırılmasıdır.