Xəzər Xəbər

Daha bir küçədə təmir işləri yekunlaşıb

Cəmiyyət | 17:46 • 11 İyul 2018
Daha bir küçədə təmir işləri yekunlaşıb
Yasamal rayonu, Yeni Yasamal yaşayış massivinin Əsəd Əhmədov küçəsində yenidənqurma işləri artıq tam olaraq yekunlaşdırılıb.


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən XəzərXəbər-ə verilən məlumata görə, uzunluğu 1.6 km, eni əvvəllər 7-8 metr olan küçədə yenidənqurma işləri yüksək keyfiyyətlə aparılıb. Ümumilikdə layihə boyu aparılan işlər çərçivəsində küçənin eni ərazilərdən asılı olaraq 14-20 metrə qədər genişləndirilib. Bu məqsədlə yol boyu qazma-dolma işləri görülüb, zəruri olan yerlərdə yararsız qrunt çıxarılıb, əvəzinə yararlı müterial tökülüb kipləşdirilib.


Tikinti layihəsinə uyğun olaraq mövcud yeraltı kommunikasiya xətləri (su,qaz,rabitə,elektrik və s.) bərpa olunub, yeniləri çəkilib və ya yolun hərəkət hissəsindən kənarlaşdırılıb, 5 yerdə yolun altından 250 metr uzunluğunda ehtiyyat borular atılıb. Bu işlərə paralel olaraq səth sularının yoldan normal kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi bərpa olunub və zəruri olan yerlərdə yeni sistem qurularaq yağış barmaqlıqları qoyulub. Ümumilikdə sadalanan işlər çərçivəsində küçə boyu 21 ədəd yeni yağış barmaqlıqları quraşdırılıb, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq 110 ədəd yeni baxış qapaqları qoyulub.

Bundan başqa yolun relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün yararlı qrunt tökülərək yayılıb və kipləşdiriliv. Yeni yol yatağı işlənən ərazilərdə optimal-qırmadaş və qum-çınqıl qarışıqlarından ibarət müxtəlif qalınlıqlarda yol əsasının tikintisi və bərpası işləri də aparılıb. Küçə boyu aparılan bu işlər gələcəkdə suyun yığılmasının qarşısını alacaq və asfalt-beton örtüyün tez bir zamanda sıradan çıxmasını sığortalamış olacaq.


Küçənin yenidən qurulması zamanı bütün hərəkət iştirakçılarının normal, rahat və təhlükəsiz hərəkəti nəzərə alınıb. Belə ki, küçə boyu hər bir istiqamət üzrə ümumi uzunluğu 3.2 km olan yeni piyada səkiləri inşa edilib. Piyada səkilərinin kənarlarına 6400 paqon-metr uzunluğunda yeni səki daşları düzülüb. Avtobusların ümumi hərəkətə maneə yaratmadan dayanacaqlara rahat giriş-çıxışını təmin etmək məqsədi ilə 4 yerdə 4 metr enində xüsusi "cib”li hissələr yaradılıb.

Texnoloji ardıcıllığa riayət olunmaqla daha sonra küçə boyu əlaqələndirici bitum səpilməklə 47100 kv.m sahədə yol örtüyünün alt qatının iri dənəli, üst qatının isə xırda dənəli asfalt – beton qarışığı ilə tikintisi aparılıb.

Asfaltlanma işləri bitən kimi küçə boyu avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədi ilə, 92 ədəd yol nişanları quraşdırılıb, yolun üfüqi nişanlanma xətləri çəkilərək, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında sözügedən ünvanda hərəkətin normallaşmasına xidmət edən yeni və müasir yol infrastrukturunun yaradılması istiqamətində aparılan işlər yekunlaşdırılıb və Əsəd Əhmədov küçəsi tam olaraq vətəndaşların istifadəsinə verilib.

Xəbər lenti