Son günlər ölkə
ərazisində anomal istilər müşahidə edilir. Artıq yay mövsümü başlayandan
14 nəfər günvurma ilə əlaqədar tibbi yardım stansiyasına müraciət edib.
Belə anomal isti hava insan sağlamlığı üçün təhlükədir. Xüsusilə,
yaşlılar, uşaqlar və xroniki xəstəlikləri olanlar diqqətli olmalıdırlar.
Tibb mütəxəssisləri bildirirlər ki, günvurma başın birbaşa günəş
şüalarının təsiri altında həddindən artıq qızması nəticəsində kəskin
ağır vəziyyətin yaranmasıdır. Bu zaman beyin qan damarları genişlənir və
beyinə güclü qan axını baş verir, bu da mərkəzi və periferik sinir
sisteminin pozulmasına gətirib çıxarır.
Nəticədə insanlarda
yüksək temperatur, tərləyə bilməmək, komaya qədər gedən əsəb sisteminin
pozulması, halsızlıq, baş ağrısı, qusma, nəbzin sürətlənməsi, düşünmə və
təhliletmə qabiliyyətinin, görmənin pozulması, göz çüxurlarının
dərinləşməsi kimi hallar baş verir. Belə olan təqdirdə təcili həkimə
müraciət etmək lazımdır.
Uşaqlar,
hamilə qadınlar, yaşlılar, ürək, təzyiq və şəkərli diabet xəstəlikləri
olanlar ehtiyac olmadıqda, saat 11:00-dan 17:00-a kimi açıq havaya çıxmamalıdırlar. Beyin qanamalarının qarşısını almaq üçün təzyiq xəstələri tez-tez təzyiqi ölçdürməlidirlər.
Günəşin
mənfi təsirindən qorunmaq üçün bol su və sulu qidalar qəbul edilməli,
qazlı içkilərdən, yağlı və ağır yeməklərdən uzaq durulmalıdır. Qida
rasionu daha yüngül, az kalorili yeməklərdən ibarət olmalıdır. Spirtli
içkilər əvvəlcə sərinləşdirici effekt versələr də, sonradan onların
susuzluğu artıra biləcəyini nəzərə almaq lazımdır. Havanın hərarətinin
yüksək olduğu günlərdə ağır fiziki hərəkətlərdən uzaq durmaq vacibdir.
İstidən
qorunmağın ən əsas şərtlərindən biri də geyimə diqqət etməkdir. Belə
ki, həkimlər yay aylarında yüngül, təri çəkən, pambıq, kətan kimi
parçalardan olan rəngli, enli geyimlərə üstünlük verməyi, papaq taxmağı
məsləhət görürlər. Göbələk xəstəliklərinin yaranmasının qarşısını almaq
üçün ayaqlar hər gün yuyulmalı, yaxşı qurulanmalıdır.
İsti havada sərinləmək üçün yaxşı çıxış yolu duş qəbul etməkdir Duş almaq üçün cəmi 5-10 dəqiqə vaxt kifayətdir./azvision.az