Bu gün ali və orta
ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydalarına əsasən qəbul
imtahanını fərqli dildə verən abituriyentlər üçün Azərbaycan dili
fənnindən test imtahanı keçiriləcək. XəzərXəbər xəbər verir ki, imtahan Bakı və Naxçıvan şəhərlərində, ümumilikdə, 4 imtahan mərkəzində aparılacaq.
İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanır.
Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
imtahana buraxılış vərəqəsini;
şəxsiyyəti təsdiq edən sənədin əslini:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b)
əcnəbilər icazə vəsiqələrini və pasportlarını, vətəndaşlığı olmayan
şəxslər yaşadıqları ölkənin hüdudlarından kənara getmək üçün onlara
verilən sənədləri və icazə vəsiqələrini, Azərbaycan Respublikasında
daimi yaşayan vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini,
qaçqın statusu almış şəxslər və onların ailə üzvləri isə qaçqın
vəsiqələrini.
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər
digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və
fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli
yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
Qeyd edək ki,
abituriyentlərə imtahanda 30 test tapşırığı təqdim edilir. Hər düzgün
cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların
nəticəsinə təsir göstərmir. İmtahanın nəticəsi "məqbul” və ya
"qeyri-məqbul”la qiymətləndirilir. Abituriyentin "məqbul” alması üçün
onun topladığı bal 15-dən az olmamalıdır.
Ali təhsil müəssisələri
və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili
müəssisələrinə qəbul üzrə keçirilən Azərbaycan dili imtahanı ilə ümumi
(9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə
qəbul üzrə keçirilən Azərbaycan dili imtahanı məzmun baxımından
bir-birindən fərqlənir.
İmtahanda iştirakı nəzərdə tutulan (9
illik və 11 illik təhsil bazasında ) 1359 (264+1095) abituriyentdən
691(99+592) nəfəri oğlan, 668 (165+503) nəfəri qızdır. 976 (238+738)
abituriyent orta ümumtəhsil müəssisələrinin builki məzunu, 383 (26+357)
nəfər isə əvvəlki illərin məzunlarıdır.
Ümumilikdə, Bakıda 1354 , Naxçıvanda 5 abituriyentin imtahan verməsi nəzərdə tutulub.
İmtahanın idarə olunması üçün 10 imtahan rəhbəri, 108 nəzarətçi-müəllim ayrılıb.