Bu ixtisasları seçən abituriyentlərə
200 manat əlavə təqaüd veriləcək
Aqrar yönümlü ixtisasları seçən abituriyentlərə əlavə təqaüd veriləcək.
Kənd
Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, Azərbaycan Prezidenti
İlham Əliyevin aqrar sahəyə və aqrar təhsilə diqqəti və qayğısı
nəticəsində Azərbaycan Dövlət Aqrar Universitetinin maddi-texniki
bazası ən müasir standartlara uyğun yenidən qurulub, iki tələbə evi
gənclərin istifadəsinə verilib. Universitet müasir laboratoriyalar və
avadanlıqlarla təchiz olunub.
Bu
gün qeyri-neft sektoru olaraq aqrar sahənin inkişafı və bunun üçün
bazar rəqabətli, innovativ, müasir düşüncə tərzinə malik kadr
bazasının yaradılması dövlətin əsas prioritetlərindəndir.
Azərbaycan
Prezidenti İlham Əliyevin göstərişi əsasında 500 və daha çox bal
toplayan, kənd təsərrüfatı yönümlü torpaqşünaslıq və aqrokimya,
aqronomluq, meşəçilik, zootexniklik, balıqçılıq və balıqçılıq
təsərrüfatı işi, aqromühəndislik, meliorasiya və su təsərrüfatı,
tikintisi mühəndisliyi, şərabçılıq, bitki mühafizəsi, bağçılıq və
tərəvəzçilik, su bioehtiyatları və akvabitkilər, ekologiya, baytarlıq və
əczaçılıq ixtisaslarını seçən abituriyentlərə universitetin
büdcədənkənar vəsaiti hesabına 200 (iki yüz) manat əlavə təqaüd
veriləcək. Aqrar yönümlü ixtisasların hamısı dövlət sifarişlidir, yəni
bütün təhsil xərcləri dövlət hesabınadır. Universitet bundan əlavə
abituriyentlərə yüksək təhsillə yanaşı müasir standartlara cavab verən
yataqxana da vəd edir.