Azərbaycanda güclü zəlzələ baş vermə təhlükəsi olan ərazilər
Ötən gün zəlzələ baş verən Zaqatala seysmik baxımdan aktiv zonada yerləşir.
Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin seysmoloji şöbəsinin müdiri Tahir Məmmədli açıqlamasında bildirib. Onun sözlərinə görə, Böyük Qafqazın cənub
yamacı və Şamaxıya qədər olan ərazi seysmik baxımdan aktivdir.
"Həmin aktiv ərazilərdə zəlzələ baş verməsi gözlənilən haldır”, - deyə alim bildirib.
Tahir
Məmmədli deyir ki, ümumiyyətlə zəlzələ baş verməsilə bağlı proqnozlar
vermək düzgün deyil. Lakin Aktiv zəlzələ ocaqları var ki, orada həmişə
yeraltı təkanların olması təhlükəsi var. Böyük Qafqazın cənub yamacından
Şamaxıya qədər olan ərazilər aktiv zonalardır.
T.Məmmədli bildirib ki, ölkəmizdə əsas zəlzələ təhlükəsi olan ərazilər Şamaxı, İsmayıllı, Gəncə, Abşeron yarımadası və Bakıdır:
"Ən
təhlükəli zəlzələ ocaqları Böyük Qafqazın, Kiçik Qafqazın Azərbaycan
hissələrində və Xəzər dənizindədir. Bundan başqa, digər ərazilərdə orta
güclü zəlzələlərin olması mümkündür. Lakin həmin ocaqlarda yeraltı
təkanlar baş verərsə, yalnız həmin ərazilər deyil, digər yaxın ərazilər
də titrəyişə məruz qala bilər. Şamaxı və İsmayıllıda zəlzələlər hər
zaman olub və gələcəkdə də olma ehtimalı var. Eyni zamanda, cənub
rayonlarından Yardımlı, Lerik və Masallıda da mütəmadi baş verir. Xəzər
dənizində bir neçə ocaqlar var ki, onlar güclü seysmik təklühəyə
malikdir. "Azəriçıraq” yataqlarının yanında kifayət qədər güclü zəlzələ
ocaqları var. Bakıdan 50-60 km cənubda və şimalda yerləşən ocaqlar güclü
seysmik intensivliyə sahibdir. Bunlar da Bakı üçün təhlükəlidir”.
T.Məmmədli
diqqətə çatdırıb ki, bu ocaqlar gələcəkdə daha da aktivləşərsə, Bakıda
12 ballıq şkalayla 9 bala qədər çox güclü titrəyiş yarada bilər:
"Paytaxt
ərazisi baş verə biləcək yeraltı təkan 12 ballıq cədvəllə 8 bal
qiymətləndirilir. Lakin yerli qurunt şəraitinə uyğun olaraq bu səviyyə
arta bilər. Yəni ola bilər ki, Bakının müəyyən ərazisində 9 bal gücündə
zəlzələ baş versin”.
Onun
sözlərinə görə, belə güclü zəlzələ olarsa köhnə tikililər üçün problem
yarana bilər: "Bu o demək deyil ki, sovet dövründə binalar pis
tikilirdi. Sovet dövründə 1980-cı ildə seysmoloji xəritədə paytaxtın
seysmik göstəriciləri Bakı və Abşeron ərazisi üçün 6 bal
qiymətləndirilirdi. Sonralar bu 7 bal kimi qiymətləndirilib və 1991-ci
ilə kimi bu belə olub. Bu tarixə qədər tikilən binalar 7 bala qədər
dözümlü olub. İndi isə Bakıdakı tektonik zona 9 bal qiymətləndirilir.
Yeni tikilən binalar isə 9 balla uyğundur”.