Xəzər Xəbər

5 rayonda alternativ su mənbələri yaradılacaq

Cəmiyyət | 10:08 • 5 İyun 2018
5 rayonda alternativ su mənbələri yaradılacaq
2018-ci ildə Ağdaş, Qəbələ, Daşkəsən, Ağcabədi şəhərlərində su və kanalizasiya şəbəkələrinin, Astara şəhərində su şəbəkəsinin inşası başa çatdırılacaq.


XəzərXəbər xəbər verir ki, bunu "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov "Azəraycan" qəzetində dərc olunan məqaləsində bildirib.


"Azərsu” ASC-nin sədri qeyd edib ki, bölgələrdə ekoloji təhlükəsizliyin təmin edilməsi məqsədilə respublikanın 10-dan artıq şəhərində tullantı sutəmizləyici qurğuların tikintisinə başlanılacaq. Daşkəsən, Göyçay, Qəbələ şəhərlərində, həmçinin Pirşağı qəsəbəsində tullantı sutəmizləyici qurğunun tikintisi yekunlaşacaq.

Q.Hüseynov vurğulayıb ki, qlobal istiləşmə və quraqlıq nəticəsində su mənbələrinin məhsuldarlığında qeydə alınan dəyişiklikləri nəzərə alaraq, Şamaxı, Gədəbəy, Lerik, Tovuz və Ağstafa şəhərləri üçün alternativ mənbələrin yaradılması layihələri icra olunacaq.

"Məhsuldarlığına görə Azərbaycanın regionlarında tikiləcək ən böyük sutəmizləyici qurğu - Şəmkirçay sutəmizləyici qurğusunun inşası da cari ildə başa çatdırılacaq. Gəncə, Şəmkir, Samux şəhərləri və ətraf kəndləri su ilə təmin edəcək bu qurğuda sutkada 140 min kubmetr içməli su emal olunacaq. İçməli su qıtlığından əziyyət çəkən kənd və qəsəbələrin su təchizatının yaxşılaşdırılması layihələri bu il də davam etdiriləcək. Bu məqsədlə 62 mindən çox sakinin yaşadığı 41 kənddə su layihələri icra olunacaq".

Xəbər lenti