Yol infrastrukturunun
yenidən qurulması ilə vətəndaşların rahat gediş-gəlişini təmin etmək, o
cümlədən sıxlığın aradan qaldırılması istiqamətində dövlət başçısının
tövsiyə və tapşırıqlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət
Agentliyi paytaxtın nəqliyyat sistemində mühüm əhəmiyyətə malik və
uzunluğu 8.7 km olan Babək prospektinin yenidən qurulması işlərini
yüksək keyfiyyətlə davam etdrlir.
Agentlikdən XəzərXəbər-ə verilən xəbərə görə, Babək
prospekti üzərində tikilən qovşaqlar nəqliyyatın hərəkətini xeyli
sürətləndirməyə imkan yaradıb.Ancaq qovşaqlar da daxil olmaqla yol uzun
illər istismar olunduğundan, yolun hərəkət hissəsində çökmələr, sürüşmə
xarakterli deformasiyalar əmələ gəldiyindən əsaslı təmirə ehtiyac var
idi. Bu isə öz növbəsində prospekt boyu hərəkətdə müəyyən problemlərə
səbəb olurdu. Məhz bütün bunlar nəzərə alınaraq Azərbaycan Avtomobil
Yolları Dövlət Agentliyi tərəfindən prospektin əsaslı şəkildə yenidən
qurulması işlərinə başlanıldı.
Aparılan işlər çərçivəsində
prospektin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara
daşınır, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri
qazılaraq kənarlaşdırılır. Yol yatağının yararsız qruntu təqribən 20 min
kv.m sahədə ortalama 0.8-1 m dərinliklə qazılaraq çıxarılır. Bunun
əvəzinə yararlı material tökülərək yenidən kipləşdirmə işləri aparılır
və əsas yenidən bərpa edilir.
Yenidənqurma işləri yeraltı
kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla birgə
aparılır. Belə ki, prospekt boyunca qaz xətləri, təqribən istismar
müddəti bitmiş 20 km uzunluğunda müxtəlif diametrə malik su xətləri,
həmçinin 4 km-ə yaxın müxtəlif diametrli kanalizasiya xətləri yeniləri
ilə əvəzlənir.
Bundan başqa aparılan yenidənqurma zamanı səth
sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud
yağış-kanalizasiya sistemi də bərpa olunur, zəruri olan yerlərdə yeni
sistem qurulur. Bu işlərə uyğun olaraq prospektdə 99 nöqtədə
kanalizasiya xətlərinin baxış qapaqları da yenilənir.
Layihəyə
uyğun olaraq prospekt boyu vətəndaşların rahat və təhlükəsiz hərəkəti
üçün köhnə piyada səkiləri bərpa olunur və 15 200 kv.m sahədə yeniləri
tikilir, mövcud yol ayrıcı da sökülərək yenidən qurulur. Yol ayrıcının
eninin kiçildilməsi prospektin hərəkət hissəsinin genişləndirilməsinə
imkan yaradır. Belə ki, prospektin bir istiqamət üzrə hərəkət hissəsi 16
metrə qədər genişləndirilir. Yeni tikilən yol ayrıcının və piyada
səkilərinin kənarlarına 26 350 p-metr uzunluğunda yeni səki daşları
düzülür.
Yolun hərəkət hissəsi bərpa olan ərazilərə yeni
asfalt-beton örtüyünün döşənməsi işləri davam etdirilir. Belə ki,
prospektin 323 609 kv.m sahəsinə 3 qat olmaqla yeni asfalt-beton
örtüyünün döşənməsi işləri aparılır.
Həmçinin prospektin
yenidənqurulması zamanı avtobusların ümumi hərəkətə maneə yaratmadan
dayanacaqlara giriş-çıxışını təmin etmək məqsədi ilə 22 yerdə xüsusi
"cib”li hissələr tikilir, avtonəqliyyat vasitələrinin rahat və maneəsiz
şəkildə geriyə dönməsi üçün əlavə zolaqlar və geridönmə hissələr
yaradılır.
Tikinti layihəsi çərçivəsində hərəkətin normal təşkili
üçün yol nişanları və məlumatverici lövhələr, həmçinin yolun
işıqlandırılması üçün yol ayrıcında ikitərəfli yeni işıqlandırma sistemi
qurulacaq, yolcizgi və yolgöstərici xətlər çəkiləcək.
Bütün
işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin
birbaşa nəzarəti altında texnoloji ardıcıllığa riayət olunmaqla və
yüksək keyfiyyətlə aparılır. Babək prospektində müasir yol infrastrukturunun yaradılması paytaxt Bakının
nəqliyyat yükünün azaldılmasında əhəmiyyətli dərəcədə təsir etmiş
olacaq. Ümumilikdə yenidənqurma işlərinin cari ilin sentyabr-oktyabr
aylarında yekunlaşdırılması nəzərdə tutulub.