Xəzər Xəbər

`Siqarət qadağısı ilə bağlı qaynar xətt açılsın` RƏSMİ

Cəmiyyət | 12:32 • 31 May 2018
`Siqarət qadağısı ilə bağlı qaynar xətt açılsın`

Nazirlik: İctimai yerlərdə tütündən istifadəni məhdudlaşdırmaq üçün telefon xidməti yaradılmalıdır.

"İctimai yerlərdə siqaret çəkməyi qadağan edən qanun bütün dünyada olduğu kimi bizdə də vəziyyəti dərhal dəyişdirməyəcək”.

Bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Tofiq Musayev "31 May 2018-ci il: Ümumdünya Tütünsüz Gününün 30 illik yubileyi" mövzusunda təşkil olunan Dəyirmi Masada deyib.

O bildirib ki, bununla əlaqədar ciddi addımlar da atılmalıdır: "Bu tədbirlər kompleks şəkildə yanaşmanı tələb edir. Həmin qanunun tətbiqi üçün mexanizmlər lazımdır. Məsələn, insanlar qadağan olan yerlərdə siqaret çəkirsə, onun cəriməsi nə qədər olmalıdır, nəzarəti necə aparılmalıdır kimi problemlər həll edilməlidir. Bu məsələlər olduqca vacibdir. Hesab edirəm ki, hotellərdə və ictimai iaşə obyektlərində qanuna əməl etmək dərəcəsi o qədər də yüksək deyil. Düzdür, yüksək statuslu obyektlər bu qanuna riayət edir, amma digər obyektlərdə bu faiz aşağıdır. Buna görə də nəzarət mexanizmi lazımdır”.

Şöbə müdiri əlavə edib ki, ictimai yerlərdə tütündən istifadənin məhdudlaşdırılması üçün telefon xidməti yaradılmalıdır: "Bu, ona görə lazımdır ki, insanlar belə problemlərlə rastlaşanda mübahisəyə girmək əvəzinə zəng edib şikayət etsinlər”.

Tədbirdə qeyd olunub ki, siqaret böyüklər arasında hər on nəfərdən birinin ölüm səbəbidir. XX əsrdə tütün 100 milyon insanın ölümünə səbəb olub. Qlobal tütün epidemiyası hər il 7 milyondan çox insanı öldürür. Bunlardan 900 min nəfəri siqaret çəkməyən, lakin ikinci tütün tüstüsü ilə nəfəs alanlardır.(apa)

Xəbər lenti