Xəzər Xəbər

Meyvə və fındıq bağlarında zərərvericilər aşkarlandı

Cəmiyyət | 15:07 • 30 May 2018
Meyvə və fındıq bağlarında zərərvericilər aşkarlandı

Şəki rayonunda 15 hektar fındıq və 10 hektar qarışıq meyvə bağlarında dəyişik ipəksarıyan kəpənəyinin (Lymantria dispar) tırtılları aşkar edilib.

Dövlət Fitosanitar Nəzarəti Xidmətindən verilən məlumata görə, mütəxəssislərin tövsiyyələri əsasında fermerlər tərəfindən zərərvericiyə qarşı Mosetam (150 q/ha) insektisidi ilə kimyəvi mübarizə aparılıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin Şəki rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən bununla bağlı monitorinqlər aparılıb.

Tətbiq edilən preparat zərərvericiyə qarşı yüksək bioloji səmərəlilik göstərib.

Qeyd edək ki, bu zərərverici geniş polifaq növ olmaqla dağətəyi rayonlarda yayılıb, bütün meyvə ağaclarını və bir çox enliyarpaqlı meşə ağaclarını – palıdı, qovağı, söyüdü , göyrüşü, toz ağacını, fıstığı, vələsi, cökəni və s. zədələyə bilir. Dəyişik ipəksarıyan yumurta daxilində artıq formalaşmış tırtıl halında ağac qabıqları və budaqları üzərində xüsusi tükcüklər altında qışlayır. Yazda tumurcuqların açılması və çiçək başlanğıcının əmələ gəldiyi dövrdə yumurtalardan çıxar tırtıllar qönçə, çiçək və yarpaqlarla qidalanır. Tırtıllar yarpaqları tamamilə yedikdən sonra ehtiyat tumurcuqlarla qidalanmağa başlayır. Bunun nəticəsində də ağaclar tamamilə məhv ola bilir. Tırtılların bədənləri nazik, uzun tükcüklərlə örtülüdür ki, bu da onların küləklə bir ağacdan digərinə çox asan yayılmalarına kömək edir. Kiçik yaşlı tırtıllar bir yerdə koma halında, iri tırtıllar isə ayrılıqda yaşayır.

4-5 həftədən sonra inkişafını başa vuran tırtıllar ağac qabığı altında, onun yarıqlarında, budaqlarında, yarpaqların arasında, xüsusi baramalar içərisində pup halına keçir. Təxminən 15-20 gündən sonra puplardan kəpənəklər uçur, dərhal cütləşir və dişilər mayalanmış yumurtalar qoyur. Kəpənəklər gecə fəal olur. Əsasən erkək kəpənəklər uçur. Dişi kəpənək ağac qabıqları üzərinə 500-600 qədər yumurta qoya bilir. Yumurtalar topa halında qoyulur və üzəri kəpənək bədəninin nəhayətində olan tükcüklərlə örtülür. Dəyişik ipəksarıyan kəpənək dövri olaraq kütləvi çoxalma qabiliyyətinə malik olan həşəratdır. Bəzi illərdə kütləvi çoxalaraq təsərrüfatlara ciddi zərər verir. Tırtılların qidalanması ağacların sürətlə zəifləməsinə, növbəti ilə az meyvə tumurcuğu və oduncaq kütləsinə səbəb olur və il ərzində bir nəsil verir.

Zərərvercilərə qarşı mübarizə tədbirlərinə gəldikdə, yarpaqları töküldükdən sonra ağaclarda olan yumurtalar xüsusi alətlər vasitəsilə qaşınıb bir yerə toplanaraq yandırılmalıdır. Yumurtaların üzərini müalicəvi yağlar və ya neft yağları ilə yağlamaq onların çox hissəsinin həyatilik qabiliyyətini itirməsinə səbəb olur.

Bağlara həşəratlarla qidalanan quşlar cəlb edilməlidir. Təbiətdə dəyişik ipəksarıyan kəpənəyinin bir çox entomofaqları vardır ki, bunlardan biri də karabid böcəklər cinsinə aid qəşəng böcəkdir (Calosoma sycophanta). Bu entomofaq gün ərzində xeyli sayda zərərvericinin tırtılı ilə qidalanır. Bundan başqa meşədə yaşayan yırtıcı qarışqalar da zərərverinin tırtılları ilə qidalanaraq onların sayının azalmasında xüsusi əhəmiyyət kəsb edir.

Eyni zamanda bioloji mübarizə məqsədi ilə Bacillus thuringiensis bakteriyasından ibarət bioloji preparatlardan da istifadə edilir. Meyvə bağlarında dəyişik ipəksarıyanın tırtılları ilə sirayətlənmə 10-15% və ya 100 budaqda 12-15 tırtıl olarsa, ona qarşı mübarizə aparılmalıdır.

Kimyəvi mübarizədə Asetasuper (0,15 kq/ha), Supertak (0,06 l/ha), Mosif (0,15-0,2 kq/ha), Mosetam (0,15 kq/ha) və Emavap (0,04-0,08 kq/ha) insektisidlərinin biri ilə çiləmələr aparılmalıdır. İşçi məhlul hazırladıqda 200-300 litr su götürmək lazımdır.

Xəbər lenti