Xəzər Xəbər

Ur xəstəliyinin yaranması ehtimalı çox azdır - Professor

Cəmiyyət | 10:31 • 26 May 2018
Ur xəstəliyinin yaranması ehtimalı çox azdır -

Tibbi dildə ur, el arasında zob adlandırılan xəstəlik bizim ölkəmiz üçün böyük bir problem olub və həmişə narahatlıq doğurub. Ötən əsrin 60-cı illərindən başlayaraq həkim və endokrinoloqların göstərdikləri səylər nəticəsində yod profilaktikası aparılmaqla həmin problem xeyli dərəcədə aradan qaldırılıb.


Azərbaycan Endokrinoloji Elmi Cəmiyyətinin sədri, tibb elmləri doktoru, professor Valeh Mirzəzadə bu sözləri AZƏRTAC-ın müxbirinə məxsusi müsahibədə bildirib.


O deyib: "Yod çatışmazlığı zamanı qalxanabənzər vəzin böyüməsi və zobun yaranması, bununla əlaqədar yuxululuq, iş qabiliyyətinin azalması, yaddaşın zəifləməsi, arterial təzyiqin və ürək döyüntülərinin sayının azalması, qadınlarda menstrual sikl pozulması əlamətləri, uşaqlarda intellektin yüngül zəifləməsindən ağır kretinizmə qədər müxtəlif dərəcəli zehni geriləmə halları artır. Dərinin quruması və solğunlaşması, ətraf mühitin hərarətindən asılı olmayaraq daim üşümə, təngnəfəslik, çəki artımı, hamilələrdə tez-tez düşüklər, erkən doğuş, körpələrin inkişaf qüsuru ilə dünyaya gəlməsi hallarına rast gəlinir. Məktəbyaşlı uşaqlarda yod çatışmazlığı zehni fəaliyyətin zəifləməsi və dərslərdən geri qalma ilə özünü göstərir. Biostimulyator və immunostimulyator olduğundan yod əskikliyi immun sistemin zəifləməsinə və tez-tez xəstələnmə hallarına səbəb olur”.


Onun sözlərinə görə, ilk dəfə İsveçrədə aşkarlanan endemik ur xəstəliyinin yayılma arealı dağlıq rayonlardır.


Yod çatışmazlığı təsdiq olunanda medikamentoz terapiyadan istifadə olunmasını məsləhət görən professor deyib: "Yer kürəsində yodun çox hissəsi okeanlarda cəmləşib. Ona görə də dəniz və okeanlardan əldə olunan məhsullar yodla daha zəngindir, lakin onu başqa qidalardan da əldə etmək mümkündür. Bakı kimi dəniz sahilində yerləşən şəhərlərdə xəstəliyin yayılma ehtimalı çox azdır. Yodlaşdırılmış duz qapalı şəkildə saxlanma şərti ilə müalicəvi xüsusiyyətini 4 ay saxlayır. Onu hazır xörəklərə əlavə etmək daha faydalıdır.


Ümumiyyətlə, əhali arasında qalxanabənzər vəzin düyünlərinin rastgəlmə tezliyi olduqca artıb. Qalxanabənzər vəzin xərçəngindən əziyyət çəkənlərə isə çox nadir hallarda rast gəlinir. Bunlar bütün xərçəng xəstəliklərinin çox cüzi hissəsini təşkil edir. Tiroid düyünlərinin də çox az hissəsi bədxassəli olur. Həmin nahiyədə düyün aşkar edildikdə biopsiya üsulu ilə yoxlanılır. Müayinə prosesi çox sadədir və lazımsız cərrahi əməliyyatların qarşısını alır”.


Həkimin verdiyi məlumata görə, xəstəliyin artmasında həm ətraf mühitin, ekologiyanın çirklənməsi, həm qida məhsullarının tərkibinin dəyişilməsi, stress kimi faktorlar mühüm rol oynayır. Çox vaxt bu xəstəlik özünü hipotireoz əlamətləri ilə büruzə verir. Xəstəliyin diaqnostikası həm xəstənin şikayətləri, həm də laborator və ultrasəs müayinə vasitəsilə qoyulur və həmin xəstələr isə əsasən əvəzedici hormon müalicəsi alırlar.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
520 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti