Xəzər Xəbər

Direktor müəllimi elə bir səbəbə görə polisə verdi ki... Lənkərandakı inanılmaz OLAYIN TƏFƏRRÜATI

Cəmiyyət | 12:10 • 24 May 2018
Direktor müəllimi elə bir səbəbə görə polisə verdi ki...

Lənkəranın Gərgiran kənd orta məktəbinin tarix müəllimi Həbib Əlizadə polisə çağrılıb. H.Əlizadənin sosial şəbəkə hesabında paylaşdığı məlumatda bildirib ki, buna səbəb məktəbin direktoru Ziyafəddin Cavadovun onun barəsində polisə şikayət etməsidir.

Şikayətin səbəbi isə H.Əlizadənin məktəb şagirdlərini paytaxta ekskursiyaya gətirmək istəməsidir:

"Şagirdlərə Bakı şəhərinə gəzinti-ekskursiya təşkil edilməsi ilə bağlı məlumat vermişdik. Gəzinti çərçivəsində şagirdlər Şəhidlər Xiyabanı, bir çox tarixi abidələr, dövlət idarələri və digər yerlərə aparılacqdı. Əgər yerli təhsil idarəsi icazə verib tədbirlər planını təsdiq etsəydi, gəzinti olacaqdı. Əks hada gəzinti olmayacaqdı. Bu, sadəcə hələ bir ideya idi. Lakin direktor polisə şikayət edib ki, mən icazəsiz şəkildə gəzinti təşkil etmək istəyirəm. Tamamilə iftiradır. Çünki gəzinti hələ təşkil olunmayıb və bu sadəcə ideya idi. Təsəvvür edirsizmi ki, tarixi gəzinti ideyasına belə mane olurlar”.

Məsələ ilə bağlı Lənkəran Şəhər Təhsil Şöbəsi ilə əlaqə saxladıq. Şöbə müdiri Aslan İbrahiomov Publika.az-a açıqlamasında bildirib ki, tərəflər arasında anlaşmazlıq olub:

"Məktəb ucqar dağ kəndində yerləşir. Həbib müəllim qabaqcıl müəllimlərimizdəndir, məktəbin bütün kollektivi dağ kəndində şagirdlərin daha yaxşı təhsil alması üçün çalışır. Həbib müəllim 30 şagirdi Bakıya gətirərək, tarixi abidələri göstərmək istəyib. Direktor isə qida, nəqliyyat təhlükəsizliyi məsələlərini əsas tutaraq razı olmayıb. Bakıya gəzinti üçün uşaqların sənədləri toplananda müəssisə rəhbəri olaraq narahatlıq keçirib, ehtiyat edib. Gərgiran kəndindən Lənkəranın mərkəzinə gəlmək üçün nə qədər dağ yolu keçmək lazımdır. Direktor məsələnin qanuni yolla həll olmasını istəyib. Bu məsələdə aralarında mübahisə yaranıb. Direktor rəsmi olaraq heç yerə müraciət etməyib. Sadəcə Həbib müəllim vaxtından tez çılğınlıq edib. Əvvəldən bizə nə direktor, nə də müəllim tərəfindən müraciət olub. Müraciət olsaydı, mənim cavabım müsbət olacaqdı. Çünki yalnız nəzəriyyə ilə iş bitmir, şagirdlərə əyani göstərmək lazımdır. Çox yaxşı olar ki, Gəgiran kənd məktəbinin uşaqları Bakı ilə tanış olsun.

"Ölkəmizi tanıyaq” rublikası altında keçirilən tədbirlərdə yol polisi məktəblilərin olduğu nəqliyyat vasitələrini müşayiət edir. Biz də istəyirik ki, bu səfər daha təhlükəsiz olsun. Polislər təhlükəsizliyi təmin etməlidir, uşaqlar hər rayona keçəndə müvafiq qurumlar bu barədə məlumatlandırılmalıdır”.

Şöbə müdiri məsələnin artıq həll olduğunu deyib:

"Artıq məsələ həll olunub. Heç bir problem yoxdur. Sizdən əvvəl direktor və Həbib müəllimlə danışmışam. Bundan sonra Həbib müəllim istəyəcək, direktor icazə verəcək və şagirdləri Bakıya aparacaqlar. Əlbəttə, dərsdən kənar vaxtda aparmalıdır”.

Xəbər lenti