Beynəlxalq təhsil
proqramları (International Baccalaurate®, A-level, SABİS® və s.) üzrə
təhsilini müvəffəqiyyətlə başa vurmuş və müvafiq sənəd almış Azərbaycan
Respublikasının vətəndaşları üçün müsabiqə şərtləri müəyyənləşib.
Dövlət İmtahan Mərkəzindən (DİM) XəzərXəbər-ə bildirilib ki, 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının
ali təhsil müəssisələrinə tələbə qəbulu elanının 19-cu bəndində qeyd
olunduğu kimi ölkədə fəaliyyət göstərən ümumtəhsil müəssisələrində
beynəlxalq təhsil proqramları (International Baccalaurate®, A-level,
SABİS® və s.) üzrə təhsilini müvəffəqiyyətlə başa vurmuş və müvafiq
sənəd almış Azərbaycan vətəndaşları aşağıdakı müsabiqə şərtlərini
ödədikləri halda ali təhsil müəssisələrinin tədrisi ingilis dilində olan
müvafiq ixtisasları üzrə müsabiqədə DİM tərəfindən keçirilən qəbul
imtahanlarında müvafiq nəticələr əldə etmiş abituriyentlərlə yanaşı
iştirak edə bilərlər:
- SAT imtahanından ən azı 1000 bal
(riyaziyyat fənni üzrə ən azı 560 bal) və IELTS imtahanından ən azı 6.0
bal nəticə əldə etdikləri halda;
- SAT imtahanından ən azı 1000
bal (riyaziyyat fənni üzrə ən azı 560 bal) və TOEFL İBT imtahanından ən
azı 75 bal nəticə əldə etdikləri halda.
- SAT imtahanından ən azı
1000 bal (riyaziyyat fənni üzrə ən azı 560 bal) və PTE Academic
imtahanından ən azı 50 bal nəticə əldə etdikləri halda.
Qeyd
olunan şərtləri ödəyən abituriyentlər üçün Azərbaycan Dövlət İqtisad
Universiteti tərəfindən "Mühasibat uçotu və audit” , "Maliyyə” və
"Biznesin idarə edilməsi” ixtisasları üzrə plan yerləri ayrılıb.
Həmin ixtisaslara qəbul olunmaq istəyən abituriyentlər mayın 29-dək aşağıdakı sənədləri şəxsən DİM-ə (Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küç, 1 M) təqdim etməlidirlər.
1. "Abituriyentin elektron ərizəsi”nin surəti;
2.
Təhsil sənədinin əsli və surəti (cari ilin məzunları - ümumtəhsil
müəssisələrinin tam orta təhsil səviyyəsini cari ildə beynəlxalq təhsil
proqramları üzrə bitirmələri haqqında məktəbdən arayış, iyul ayının
20-dək – təhsil sənədinin əsli və surəti)
3. Müvafiq imtahan nəticələri.
Bundan
əlavə, həmin abituriyentlər SAT imtahanı nəticələrini elektron
variantda College Board saytında (https://www.collegeboard.org) Dövlət
İmtahan Mərkəzinə (kod 7876) göndərməlidirlər.
Qeyd olunan
ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər (aprelin
22-də keçirilmiş Azərbaycan dili fənni üzrə birinci imtahandan "məqbul”
qiymət alan abituriyentlər istisna olmaqla) iyunun 10-da Azərbaycan
dili fənni üzrə imtahanda iştirak edərək "məqbul” qiymət almalıdırlar.
Bunun üçün onlar mayın 29-dək dim.gov.az saytında "Abituriyentin
elektron ərizəsi” formasını doldurarkən "test imtahanı verəcəyi dil”
bölməsində rus dilini seçməlidirlər. 2017-ci ildə Azərbaycan dili fənni
üzrə imtahandan "məqbul” qiymət alan abituriyentlər cari ildə bu
imtahanda iştirak etmədən müsabiqəyə buraxılırlar.