Mayın 22-də
"Gallery-1969”da tanınmış naxçıvanlı gənc fotoqraf Hüseyn Bağırovun "My
Nakhchivan” ("Mənim Naxçıvanım”) adlı fotosərgisi açılıb. XəzərXəbər xəbər verir ki, respublikanın tanınmış elm, mədəniyyət və incəsənət xadimlərinin, habelə Milli Məclisin deputatlarının qatıldığı fotosərgidə əvvəlcə qonaqlar Naxçıvana həsr edilmiş videoçarxa baxıblar.
Naxçıvan Muxtar Respublikasının Bakıda
şəhərindəki Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov çıxış
edərək sərginin əhəmiyyətindən söz açıb. Sərginin Naxçıvana ithaf
edilməsinin önəmini qeyd edən B.Əsgərov ekspozisiyada yer alan fotoların
məna və məzmun baxımından dolğunluğunu vurğulayıb. Qeyd edib ki,
fotosərgi Naxçıvanın əsrarəngiz təbiətini tanıtmaq, təbliğ etmək
baxımından xüsusi əhəmiyyət daşıyır.
"Gənc fotoqrafın bu
sərgisində Naxçıvanın turizm baxımından nə qədər əhəmiyyət daşıdığının
şahidi olmaqla yanaşı, müstəqil dövlətimizin qürur və iftixar mənbəyi
olan ulu diyarımızın təbii coğrafi imkanlarını, maddi-mədəni irsini,
onun mənsub olduğu dəyərləri bilavasitə görmək mümkündür. Beynəlxalq
auditoriyanın diqqətini uzun müddət blokada şəraitində yaşamış, buna
baxmayaraq, inkişaf etmiş Naxçıvana cəlb etmək istiqamətində bu sərgini
uğurlu hesab etmək olar. Ulu öndər Heydər Əliyev
"Mən istəyirəm ki, Naxçıvanla bağlı düşündüyüm gələcək planlarım yerinə
yetsin” deyərdi. Əsası Ümummilli Lider tərəfindən qoyulan, hazırda Prezident İlham Əliyev
tərəfindən davam etdirilən məqsədyönlü siyasətin nəticəsidir ki, son
illər Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri Vasif
Talıbovun yorulmaz fəaliyyəti sayəsində Naxçıvan bütün sahələrdə –
sosial-iqtisadi, elmi-mədəni, quruculuq-abadlıq, sənaye və kənd
təsərrüfatı, nəqliyyat və rabitə, infrastruktur və turizm, ən nəhayət,
əhalinin həyat şəraitinin yüksəldilməsi sahəsində böyük irəliləyişlər
əldə edib, təbiətin mühafizəsi sahəsində yeniliklərə imza atıb, bir
sözlə, müstəqil Azərbaycanın ən qabaqcıl inkişaf etmiş nümunəvi diyarına
çevrilib. Qazanılan nailiyyətlər muxtar respublikanın potensialını
xeyli artıraraq əlverişli investisiya, turizm və biznes mühitinin
formalaşmasına xüsusi imkanlar yaradıb. Naxçıvanda icra edilən dövlət
proqramlarının və həyata keçirilən məqsədyönlü siyasətin nəticəsi bu gün
öz bəhrəsini verməkdədir. Ulu Öndərin dövründə "Xalq-Heydər,
Heydər-Xalq” birliyi, bu gün iqtidar – xalq birliyini ortaya çıxarıb,
dövlətimizin uğurlarının rəhninə zəmin yaradıb”, – deyə B.Əsgərov
söyləyib.
Nümayəndəliyin
rəhbəri əlavə edib ki, Naxçıvanın ecazkar mənzərələrinin nümayiş
etdirildiyi sərgidə yer alan fotolar müəllifin peşəkarlığını və sənət
sevgisini bir daha sübut edir. Sərginin təşkilində əməyi olan hər kəsə
təşəkkür edən B.Əsgərov gənc fotoqrafa uğurlar arzulayıb.
Prezident İlham Əliyevin
Naxçıvan Muxtar Respublikasına son səfərini xatırladan Azərbaycan Milli
Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli
bildirib ki, bu səfər doğma diyarın sosial-iqtisadi inkişafını, mədəni
quruculuq sahəsindəki uğurlarını bir daha ictimaiyyətə təqdim edib.
Dövlətimizin başçısı tərəfindən aparılan məqsədyönlü siyasətin paytaxt
və regionlarımızın inkişafına yönəldiyini vurğulayan akademik deyib:
"Naxçıvan Muxtar Respublikası da bu inkişaf strategiyasının əhatəsində
olan regionlarımızdandır. Bu gün Naxçıvanda həyatın bütün sahələrində
böyük inkişaf müşahidə olunur. Azərbaycanın ayrılmaz hissəsi olan
Naxçıvan özünün yeni intibah dövrünü yaşayır. Hüseyn Bağırovun fotoları
Naxçıvanın bütün gözəllikərini, özünəməxsus təbiətini və inkişafını bir
daha nümayiş etdirir. Bədii fotoqrafiya aspektindən baxdıqda bu
şəkillərdə Naxçıvanın hazırkı vəziyyətini canlı olaraq görmək mümkündür.
Sərgilənən 70-dək foto Naxçıvanın bütün ərazisini əhatə etməklə, doğma
diyarın təbiətinin gözəlliklərini də insanlara çatdırır. Bu gözəlliklər
fotoqraf tərifindən kəşf edilmiş gözəlliklərdir. Naxçıvanın təbiətində
qurur, əzəmət və iftixar bir-birini tamamlayır. Fotoqrafın təbiətin
kompozisiyasına bu baxımdan yanaşmağı təqdirəlayiqdir”.
Akademik diqqətə çatdırılıb ki, Heydər Əliyevin
respublikanın siyasi rəhbərliyinə qayıdışından sonra bölgələrimizdə, o
cümlədən Naxçıvanda həyatın bütün sahələrində dinamik inkişaf müşahidə
olunub, dövlətçiliyimizin milli dayaqları sarsılmaz təməllər üzərində
qurulub.
Nümayəndəlik rəhbəri qeyd edib ki, müasir müstəqil Azərbaycanın banisi Heydər Əliyevin
siyasi xəttinin davam etdirilməsi Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin sədri Vasif Talıbovun rəhbərliyi ilə Naxçıvanda
abadlıq-quruculuq işlərinin əhatə dairəsini genişləndirib, Naxçıvan daha
müasir görkəmə qovuşub. İstifadəyə verilən yeni yollar, səhiyyə, təhsil
və mədəniyyət müəssisələri, sənaye kompleksləri qədim diyarın
inkişafında yeni mərhələnin əsasını qoyub.
Sonra qonaqlar üç gün davam edəcək fotosərgiyə baxıblar. Sərgi maraqla qarşılanıb.