Xəzər Xəbər

Dəniz mövsümü gəldi…

Cəmiyyət | 12:26 • 22 May 2018
Dəniz mövsümü gəldi…

Çimərliklər yay aylarında ən çox üz tutulan istirahət məkanlarından sayılır. Təbii ki, dəniz suyunun təmizliyi sular qoynunda istirahəti sevənləri maraqlandıran məsələlərdən biridir.

XəzərXəbər xəbər verir ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi çimərliklərin monitorinqinə başlayıb.

Dövlət sanitariya orqanı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər monitorinq idarəsinin əməkdaşları ilə birgə müvafiq sərəncama əsasən inzibati rayonların ərazisində fəaliyyət göstərən çimərliklərdə laborator tədqiqatlar aparacaq. İlk növbədə, yerlərdə kommunal şöbələrin həkimləri sahilyanı zolaqlarda sanitar-gigiyenik vəziyyəti öyrənəcəklər.

Mərkəzin şöbə müdiri Ziyəddin Kazımovun dediyinə görə, Xəzər monitorinq idarəsinin nümayəndələri ilə dəniz suyundan götürülən nümunələrin laborator analizləri əsasında onun fiziki-kimyəvi xüsusiyyətləri, bakterioloji, toksikoloji və radioloji göstəriciləri təhlil ediləndən sonra yekun nəticələrə əsasən qərar veriləcək. 2010-cu ildə Baş Dövlət sanitar orqanı tərəfindən verilən 83 nömrəli qərara əsasən Qaradağ rayonundakı Sahil çimərliyi və Səbail rayonundakı Şıx çimərliyinin inzibati ərazilərinə təhkim olunanlara dəniz suyunda çimməyə icazə verməmək tapşırılıb, çünki həmin ərazilərdə dəfələrlə aparılan monitorinqlərin nəticələrinə görə bağırsaq çöpləri aşkar edilib. Belə bir təhlükənin mövcudluğu kütləvi mədə-bağırsaq xəstəliklərinin yayılmasına səbəb ola bilər.

Həmin ərazilərdə dəniz suyunun təmiz çıxmamasının səbəbi ətrafdakı yaşayış məhəllələrindən kanalizasiya və çirkab sularının birbaşa Xəzərə axıdılmasıdır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti