Azərbaycanın Laçın rayonunun Ermənistan tərəfindən işğal olunmasından 26 il ötür.
XəzərXəbər-in
məlumatına görə, 1992-ci il mayın 18-də erməni işğalçılar rayonun
yüzlərlə mədəni-məişət obyektini, onlarla qəsəbə, kənd və tarixi
abidələrini dağıdaraq talan edib. İşğal nəticəsində 63 min 341
Azərbaycan vətəndaşı öz yurdundan didərgin düşüb. 1835 kvadrat kilometr
ərazisi olan rayonun 121 kəndi var.
Laçının
işğalı zamanı 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin
düşüb. İşğal altında 8950 bina, o cümlədən 7 sənaye və tikinti
müəssisəsi, 471 xidmət idarəsi, 154 məktəb, yüzlərlə tarix-mədəniyyət
abidəsi qalıb.
1992-ci il mayın 8-də Şuşa şəhəri ermənilər tərəfindən işğal olunduqdan sonra Laçın
ətrafında yerləşən rayon və yaşayış məntəqələrini işğal edən erməni
silahlı qüvvələri intesiv olaraq ağır artileriya silahlarından rayon
mərkəzini atəşə tutublar.
1992-ci il may ayının 16-dan 17-nə keçən gecə Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistanın Gorus rayonu istiqamətindən hücuma keçən erməni ordusu Laçını işğal edib. Rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi Laçın dəhlizi vastəsi ilə daxil olub.
Həmin dövrdə Laçından və ətraf rayonlardan çıxarılan silahlı qüvvələrin əksəriyyəti Bakıda
baş verən siyasi qarşıdurmalara cəlb olunurdu. Yəni paytaxtda mövcud
olan silahlı aksiyalara qoşulan ordu cəhbə bölgələrindəki mövqelərimizi
nəzarətsiz qoymuşdu. Nəticədə, ardıcıl işğal olunan rayonlarımızın
sırasına Laçın da qoşulmuşdu. Əhəmiyyətli geostrateji mövqeyə malik olan Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurub.
Laçın rayonu 1930-cu ildən inzibati ərazi vahidi statusu alıb.