Mayın 20-də
2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil
müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün I və IV ixtisas
qrupları üzrə qəbul imtahanı keçirəcək.
Dövlət İmtahan Mərkəzindən XəzərXəbər-ə verilən məlumata görə, imtahan Respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz
şəhərlərində ümumilikdə 62 binada aparılacaq. İmtahanların idarə
olunmasına 229 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2603
nəzarətçi-müəllim cəlb olunacaq.
Bütün regionlarda imtahanlarda
iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları
ilə təlim-seminarlar keçirilir. İmtahan zallarında abituriyentlərin
rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılmış, imtahan
binalarının girişlərində təhlükəsizliyin və buraxılış rejiminin
operativliyinin təmin edilməsi üçün "stasionar metal axtaran aparat”lar
quraşdırılmışdır. İmtahan mərkəzlərinə təhlükəsizliyin təmin edilməsi
məqsədilə imtahandan bir gün əvvəl DİM və Xüsusi Dövlət Mühafizə
Xidmətinin əməkdaşlarının iştirakı ilə baxış keçiriləcək və bütün
imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarına mühafizə üçün təhvil veriləcək.
Məlumat
üçün bildirək ki, imtahanda 33139 abituriyentin iştirakı nəzərdə
tutulur. Onlardan 28055 abituriyent I qrup üzrə, 5084 abituriyent IV
qrup üzrə imtahan verəcək.
Abituriyentlərdən 30356 nəfəri Azərbaycan
bölməsinin (I qrup üzrə 25841, IV qrup üzrə 4515 nəfər), 2783 nəfəri
isə rus bölməsinin (I qrup üzrə 2214, IV qrup üzrə 569 nəfər) məzunudur.
Abituriyentlərin 20108 nəfəri oğlanlar (I qrup üzrə 18554 nəfər, IV
qrup üzrə 1554 nəfər), 13031 nəfəri isə qızlardır (I qrup üzrə 9501
nəfər, IV qrup üzrə 3530 nəfər). 26675 nəfər cari ilin orta ümumtəhsil
məktəblərinin, 6464 nəfər əvvəlki illərin məzunlarıdır (buraya ali və ya
orta ixtisas təhsili olanlar da daxildir). 81 nəfər ali təhsil
müəssisələrinin, 828 nəfər isə orta ixtisas təhsili müəssisələrinin
məzunudur. 137 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı
abituriyent 1962-ci ildən, ən gənci isə 2003-ci ildəndir.
Bakı şəhərində 15077, Naxçıvanda 975, Gəncədə 3438, Sumqayıtda 2162, Mingəçevirdə 1555, Şəkidə 2029, Bərdədə 1193, Göyçayda 1492, Şirvanda 1739, Lənkəranda 1983, Xaçmazda isə 1496 abituriyentin imtahan verəcəyi gözlənilir. İmtahanın gedişini işıqlandırmaq üçün 55-dək KİV nümayəndəsi DİM-də akkreditasiyadan keçmişdir.
Bu
imtahanda iştirak etmək üçün ərizə vermiş abituriyentlər aprelin 30-dan
etibarən DİM-in internet saytına daxil olaraq "İmtahana buraxılış
vərəqəsi”ni çap edirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara "Yaddaş
kitabçası” da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə
bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər
zəruri məlumatlar çatdırılır.
İmtahan bütün binalarda eyni vaxtda
– saat 11:00-da başlanacaq və 3 saat davam edəcək. mtahan başa
çatdıqdan dərhal sonra müstəqil ekspertlər tərəfindən test suallarının
ekspertizası aparılacaq. Həmin gün «Space» telekanalında canlı
yayımlanan "Abituriyent” verilişində DİM-in məsul əməkdaşları və
ekspertlər tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün
cavabları və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək.
İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda
DİM-in internet saytında və Facebook səhifəsində yerləşdiriləcək.
Abituriyentlərin
cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir
abituriyentin cavab kartının qrafik təsviri imtahandan 3-4 gün sonra
DİM-in internet saytında yerləşdiriləcək.