Xəzər Xəbər

Respublika Narkoloji Mərkəzində qeydiyyatda olanların sayı açıqlanıb

Cəmiyyət | 14:54 • 30 Aprel 2018
Respublika Narkoloji Mərkəzində qeydiyyatda olanların sayı açıqlanıb

Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzində ötən ilin sonunadək 30 131 nəfər qeydiyyatda olub.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupundan APA-ya verilən məlumata görə, onlardan 25 139 nəfəri dispanser, 4992 nəfəri profilaktik qeydiyyatda olanlardır.

Onlardan 595 nəfəri qadın, 212 nəfəri toksikoman, 21 038 nəfəri (470 nəfər qadın) inyeksion narkotik istifadəçiləridir. 2017-ci ildə 2115 nəfər yeni qeydiyyata götürülüb, 1432 nəfər isə qeydiyyatdan çıxarılıb.

Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzinin məlumatına əsasən 2017-ci il ərzində Azərbaycanda İİV-ə yoluxması yeni aşkar olunan insanların sayı 570 nəfər təşkil edib. Onlardan 559-u (97,7%) Azərbaycan vətəndaşı, 11-i (2,3%) isə əcnəbidir.

Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar edildiyi 1987-ci ildən 01.01.2018-ci il tarixinədək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 6755 nəfər qeydiyyata götürülüb ki, onlardan 6538-i (96,7%) Azərbaycan vətəndaşı, 217-i (3,3%) isə əcnəbidir.

İİV-ə yoluxmuş insanların 4938-i (73,7%) kişi, 1817-i (26,3%) qadındır.

Xəbər lenti