Xəzər Xəbər

Gənc Tədqiqatçıların II Beynəlxalq Elmi Konfransı işə başlayıb

Cəmiyyət | 15:49 • 27 Aprel 2018
Gənc Tədqiqatçıların II Beynəlxalq Elmi Konfransı işə başlayıb

Bakı Mühəndislik Universitetində (BMU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş Gənc Tədqiqatçıların II Beynəlxalq Elmi Konfransı işə başlayıb.


AZƏRTAC xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər. Daha sonra gənc tədqiqatçılar görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarını da ziyarət edib, hörmət və ehtiramlarını bildiriblər.


Konfransda çıxış edən universitetin rektoru, professor Havar Məmmədov ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı xidmətlərindən danışıb. Bildirilib ki, Ümummilli Lider gənclərin geniş dünyagörüşlü, dərin biliyə sahib olmalarına böyük önəm verirdi. Hələ sovet dövründə Azərbaycan gənclərini ittifaqın qabaqcıl universitetlərində təhsil almaları üçün göndərirdi. Hazırda Ulu Öndərin bu siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.


Rektor Bakı Mühəndislik Universitetinin ev sahibliyi etdiyi Gənc Tədqiqatçıların II Beynəlxalq Elmi Konfransına yerli tədqiqatçılarla yanaşı Türkiyə, ABŞ, Almaniya və İngiltərə kimi onlarla xarici ölkədən 1320 materialın qəbul olunduğunu, bunlardan 700-nün konfransın tələblərinə uyğun olaraq seçildiyini və iki dildə nəşr edildiyini diqqətə çatdırıb.


Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov qeyd edib ki, Bakı Mühəndislik Universiteti Azərbaycanın ən güclü ali məktəblərindən biridir. BMU-nun gənc tədqiqatçıları və tələbələri beynəlxalq müsabiqələrdə həmişə uğur qazanır və Azərbaycanı layiqincə təmsil edirlər. Bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş Gənc Tədqiqatçıların II Beynəlxalq Elmi Konfransı da təşkilatçılıq və coğrafiya baxımından ölkəmizdə keçirilən yüksək səviyyəli konfranslardan biridir.


Pedaqoji Universitetin rektoru Cəfər Cəfərov konfransın işinə uğurlar arzulayaraq, Ulu Öndərin Azərbaycan elminə verdiyi töhfələrdən danışıb. Bildirib ki, Gənc Tədqiqatçıların II Beynəlxalq Elmi Konfransında yerli gənc tədqiqatçılar xarici həmkarları ilə elmi fikir mübadiləsi aparacaqlar. Bu isə gənc alimlərin və ölkələrin elminin inkişafına xidmət edir. BMU-nun Azərbaycanın qabaqcıl universitetlərindən biri olduğunu vurğulayan rektor deyib ki, beynəlxalq konfrans öz təşkilatçılıq və qəbul olunmuş elmi materialları ilə bunu bir daha sübut edir.


Biznes sektoru adından konfransın işinə uğurlar arzulayan "Veysəloğlu” şirkətlər qrupunun biznesin inkişafına dəstək üzrə baş direktoru İlqar Nuri BMU ilə əlaqələrin yüksək səviyyədə qurulduğunu qeyd edib. Bildirib ki, təmsil etdiyi şirkət BMU-nun məzunlarını işlə təmin etməkdə həmişə maraqlıdır.


Konfrans daha sonra plenar iclaslarla işini davam etdirib.

Xəbər lenti

Çox oxunanlar