Yol hərəkətinin
təşkili və yol hərəkət qaydaları üzrə tanınmış ekspert Ərşad Hüseynov
İnzibati Xətalar Məcəlləsinə edilən və dünən rəsmən imzalanan
dəyişiklikləri şərh edib.
XəzərXəbər xəbər verir ki, ekspert dəyişikliklərin taksi sürücüləri üçün maraqlı
olacağını deyib: "Taksilərin tək-tükündə taksometr var. Bəzən DYP taksi
sürücülərinə bu qurğu olmadığına görə İXM-in 322.0.2-ci maddəsinə əsasən
40-50 manat cərimə yazırdı. Dünən təsdiqlənən dəyişikliyə görə təkcə
taksometrin olmamasına görə yox, həm də onun nasaz və ya plombu pozulmuş
olmasına görə cərimə müəyyən edilir.
Amma bu dəyişiklik 1
yanvar 2019-cu ildən qüvvəyə minir. Qanunda birbaşa göstərilir ki, bu
dəyişiklik qüvvəyə minənədək həmin xəta köhnə redaksiyada da tətbiq
edilə bilməz. Bu isə o deməkdir ki, heç bir taksi sürücüsü 1 yanvar
2019-cu il tarixinədək taksometrin olmamasına görə cərimələnə bilməz.
Görünür, düşünürlər ki, 1 yanvar 2019 tarixinədək taksilər taksometrlə
təmin olunacaq”.
Ekspert İnzibati Xətalar Məcəlləsinə edilən və
dünən rəsmən imzalanan başqa bir dəyişiklik olan taxoqrafdan istifadə
ilə bağlı fikirlərini də bölüşüb: "Bu dəyişiklik də 1 yanvar 2019-cu
ildən qüvvəyə minir. Yenilik odur ki, 1 yanvar 2019-cu ildən daxili
daşımalarda da taxoqrafdan istifadə etməyənlər cərimələnəcək. Ölkədaxili
daşımalarda taxoqrafın olması bu avtobuslar və yük avtomobilləri üçün
məcburidir:
- icazə verilən maksimum kütləsi 3,5 tondan artıq
olan yük avtomobilləri üçün (maksimum sürəti 40 km/saatdan az olanlar
istisna olmaqla);
- şəhərlararası (rayonlararası) sərnişin
daşımalarında istifadə olunan avtobuslar üçün (daşıma məsafəsi 50 km-dən
az olanlar istisna olmaqla).
Şəhəriçi avtobuslar və taksilər
üçün, eləcə də kiçik yük avtomobilləri üçün taxoqraf nəzərdə tutulmur.
Bu dəyişikliyə qədər yalnız beynəlxalq daşımalarda taxoqrafdan istifadə
etməyən avtobuslara və yük avtomobillərinə görə cərimə var idi.
Maraqlısı odur ki, həmin cərimə bu gündən ləğv olunur, yeni cərimə isə 1
yanvar 2019-dan qüvvəyə minir. Deməli, bu gündən başlayaraq 1 yanvar
2019-dək beynəlxalq daşımalarda da taxoqrafdan istifadə etməyən
avtobuslara və yük avtomobillərinə görə heç kəs cərimələnə bilməz. Amma
ölkədaxili daşımalarda kütləvi taxoqraflaşma yaxın müddət üçün
inandırıcı deyil”.