Tibb Universitetində valideyn himayəsindən məhrum olan tələbələrə ikiqat təqaüd verilir.
Universitetin mətbuat xidmtindən XəzərXəbər-ə verilən məlumata görə, vətəndaşların sosial müdafiəsinin
gücləndirilməsi, xüsusilə də əhalinin aztəminatlı təbəqəsinin
dəstəklənməsi dövlət üçün prioritet məsələlərdən biridir. Azərbaycan
Tibb Universiteti bu dövlət siyasətinin tərkib hissəsi olaraq valideyn
dəstəyindən məhrum olan tələbələrinə yardım göstərir, onlara ikiqat
təqaüd verilməsini təmin edir.
"Təhsil haqqında” AR qanununa
əsasən, 18 yaşına qədər valideyn himayəsindən məhrum olan uşaqlar 23
yaşına qədər bir çox imtiyazlardan yararlana bilirlər. Azərbaycan Tibb
Universiteti isə 18 yaşından sonra valideyn himayəsindən məhrum olan
tələbələri (23 yaşınadək) dəstəkləyir. Azərbaycan Tibb Universitetinin
rektoru Gəray Gəraybəylinin təşəbbüsü ilə Elmi Şurada bu məsələ müzakirə
olunmuş və müvafiq əmrlə 18 yaşından sonra valideyn dəstəyindən məhrum
olmuş tələbələr universitetdə təhsil aldıqları müddətdə - 23 yaşadək
onlara orta müvəffəqiyyət göstəricisinə əsasən təyin olunmuş təqaüdün
iki mislinin verilməsi qərara alınmışdır.
Bu humanist addımın
məqsədi tələbələrin sosial müdafiəsini gücləndirmək, onların tədris
fəaliyyətini fəallaşdırmaq, təhsildə nailiyyət qazanmasını
stimullaşdırmaqdan ibarətdir. 18 yaşından sonra valideyn dəstəyindən
məhrum olan tələbələrə Təqaüd Fondu hesabına əlavə yardım olunur. Bu
qərar artıq 2017-2018-ci tədris ilinin yaz semestrindən qüvvədədir.
Qeyd
edək ki, ATU-da 2017-ci ilin dekabrında Təqaüd Fondu yaradılıb. Elə
həmin vaxt Universitetin Elmi Şurasının iclasında valideyn dəstəyindən
məhrum olan tələbələrə təqaüd ayılması qərara alınıb. Artıq ATU-nun
onlarla tələbəsi bu imkandan yararlanıb.