Ölkəmizdə keçiriləcək
növbəti "Formula-1" Azərbaycan Qran-prisi yarışları ilə əlaqədar olaraq,
Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının müvafiq
2015-ci ilin protokoluna uyğun olaraq Bakı şəhərində nəqliyyat
sıxlığının azaldılması məqsədi ilə xüsusi təyinatlı, o cümlədən
qəza-bərpa və xilasedici, həmçinin kənd təsərrüfatı məhsullarını daşıyan
bütün növ nəqliyyat vasitələrinin hərəkəti istisna olmaqla, Bakı
şəhərində qeydiyyatda olmayan minik və yük avtomobillərinin paytaxta
girişinə aprel ayının 23-dən məhdudiyyət tətbiq ediləcək.
XəzərXəbər xəbər verir ki, bununla əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi
paytaxtda piyadaların və nəqliyyat vasitələrinin şəhər daxilində rahat
və fasiləsiz hərəkətinin təşkili ilə bağlı paytaxta gəlmək istəyən rayon
sakinlərinə tövsiyə edir ki, respublikanın digər regionlarında
qeydiyyatında olan fərdi minik avtomobillərinin Bakı
şəhərində əlavə nəqliyyat sıxlığı yaradacaqlarını nəzərə alaraq
paytaxta gəlmək üçün müasir və komfortlu avtobuslardan, Sumqayıt
sakinləri isə avtobuslarla yanaşə Bakı-Sumqayıt marşrutu üzrə fəaliyyət göstərən sürətli elektrik qatarlarından istifadə etsinlər.
Bakı
şəhərinə girişi məhdudlaşdırılan nəqliyyat vasitələri ilə gəlmək
məcburiyyətində qalan sakinlər üçün isə ötən illərdə olduğu kimi şəhərin
giriş hissələrində hər bir lazımi şəraitlə təzhiz olunmuş mühafizə
olunan ödənişsiz duracaqlar təşkil edilib ki, sakinlər həmin
duracaqlarda öz avtomobillərini saxlamaqla xüsusi marşrutla işləyən
avtobuslarla ən yaxın metro stansiyasına gedə, habelə taksi
xidmətlərindən istifadə edə bilərlər.