Xəzər Xəbər

24 000-dən çox uşaq I sinfə qəbul edildi

Cəmiyyət | 15:40 • 20 Aprel 2018
24 000-dən çox uşaq I sinfə qəbul edildi

2018-2019-cu tədris ili üçün Bakı, Sumqayıt və Gəncə şəhərləri, Abşeron rayonunun ümumi təhsil müəssisələrinin I sinfinə elektron sistem vasitəsi ilə şagird qəbulu davam edir.

Təhsil Nazirliyinin mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumatda bildirilib ki, aprelin 20-nə olan məlumata əsasən, elektron sistem (mektebeqebul.edu.az) vasitəsi ilə I sinfə qəbul üçün ümumilikdə 55 minə yaxın sorğu yerləşdirilib. Belə ki, Abşeron rayonu üzrə 5283, Gəncə şəhəri üzrə 3645, Sumqayıt şəhəri üzrə 5032 nəfərin sorğusu qeydə alınıb. Həmin bölgələr üzrə I sinfə gedəcək şagirdlərin sayının 17 873 nəfər olacağı proqnozlaşdırılır.

Elektron sistem vasitəsi ilə paytaxt məktəblərinin I sinfinə qəbul üçün 40 315 sorğu yerləşdirilib. Onlardan 37 082-si ümumi təhsil məktəblərini, 3 233-ü isə lisey və gimnaziyaları seçib. Bu göstərici paytaxtdakı dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu proqnozunun təxminən 80 faizinə yaxındır.

I sinfə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin www.mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə həyata keçirilir.

Məktəbəhazırlıq qrupunda təhsil alan uşaqlar üçün sistem tərəfindən təhsil aldığı məktəb və müəllim avtomatik seçilib. Belə ki, məktəbəhazırlıq qruplarındakı 8000-dən çox uşaq avtomatik I sinfə qəbul üzrə qeydə alınıb. Bu da həmin şəhər və rayonlar üzrə I sinfə gedəcək şagirdlərin 60 faizi deməkdir. Bakı şəhəri üzrə isə məktəbəhazırlıq qruplarındakı 24 000-dən çox uşaq avtomatik I sinfə qəbul üzrə qeydə alınıb.

Bakı, Sumqayıt və Gəncə şəhərləri, Abşeron rayonu üzrə ərizələrin onlayn qeydiyyatı 15 sentyabr 2018-ci il tarixədək davam edəcək.

Hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən şəxslər Bakı şəhərinin hər inzibati rayonunda,Gəncə şəhəri üzrə 5, Sumqayıt şəhəri üzrə 4, Abşeron rayonu üzrə 6 məktəbdə I sinfə elektron sistem vasitəsi ilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək üçün yaradılmış Alternativ Qeydiyyat Mərkəzlərinə (http://baku.edu.gov.az/az/page/276) müraciət edə bilərlər. Həmçinin I sinfə şagird qəbulu prosesində qeydiyyat və sənəd qəbulu prosesində araşdırmaya ehtiyac olan məsələlərin həlli məqsədilə Bakı şəhəri üzrə 6, Gəncə və Sumqayıt şəhərinin, Abşeron rayonunun hər biri üzrə 1 ümumi təhsil müəssisəsində Apelyasiya komissiyaları fəaliyyət göstərir.

Qeyd edək ki, fevralın 22-dən Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların, eləcə də Bakı şəhərindəki dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbuluna start verilib.

Xəbər lenti