Xəzər Xəbər

İsti havanın ardınca yenə soyuqlar gəlir?

Cəmiyyət | 11:27 • 10 Aprel 2018
İsti havanın ardınca yenə soyuqlar gəlir?

Aprelin 9-dan başlayaraq ölkə ərazisində hava isinir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, aprelin 9-da Bakıda Abşeron yarımadasında havanın temperaturu 14-19 dərəcə isti olacaq. Ən çox isti isə Naxçıvan Muxtar Respublikasında müşahidə olunub. Belə ki, bu regionda temperatur gecə 4-9, gündüz isə 21-26 dərəcə isti olub.

Aprelin 10-da da ölkə ərazisində hava şəraitinin isti keçəcəyi bildirilir. Qurumdan verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun Abşeron yarımadasında gecə 6-8, gündüz 15-19, Bakıda gecə 6-8, gündüz 17-19 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında aprelin 10-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 6-11, gündüz 18-23, dağlarda gecə 3-8, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.

Bəs isti hava şəraiti neçə gün davam edəcək? Bəzi iddialara görə, isti hava şəraitindən sonra kəskin soyuqlar olacaq. Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova "Yeni Müsavat”a danışıb: "Bildiyiniz kimi, artıq bir neçə gündür ki, ölkə ərazisində mülayim hava şəraiti müşahidə olunur. Bu cür hava şəraitinin yaxın 2 gün ərazində də davam edəcəyi gözlənilir”.

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov isti hava şəraitinin aprel ayı üçün xarakterik olduğunu bildirib: "Aprel ayının əvvəlində bu cür istilər həmişə olub. Xatırlayıram ki, 1952-53-cü illərin mart ayında biz nazik geyimdə olub, dənizdə çimir, qızılgül yığırdıq. Amma indi hələ qızılgül yetişməyib.

Bəziləri bu cür istinin arxasınca tufan gələcəyini deyir. Lakin bu cür proqnozlara inanmaq olmaz, tamamilə yanlış fikirdir. Əgər şimal küləyi əsəcəksə, havanın temperaturu 3-4 dərəcə aşağı enə bilər".

Xəbər lenti