Xəzər Xəbər

Naxçıvanda qızıl fabriki istifadəyə verilib

Cəmiyyət | 10:28 • 10 Aprel 2018
Naxçıvanda qızıl fabriki istifadəyə verilib
Ötən gün Naxçıvan şəhərində "Miraj Gold” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yaradılan qızıl və gümüş zinət əşyaları hazırlayan fabrik istifadəyə verilib.


XəzərXəbər xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov müəssisənin açılışını bildirən lenti kəsib.

Qeyd olunub ki, bu müəssisə muxtar respublikada zinət müəssisələr yaratmaqla tələbatın daxili imkanlar hesabına ödənilməsinə çalışır. Qızıl və gümüş zinət əşyaları istehsalı sahəsinin yaradılmasına Sahibkarlığa Kömək Fondundan 600 min,şirkətin daxili imkanları hesabına isə 2 milyon 700 min manat vəsait sərf olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov muxtar respublikada yeni bir sahənin – zinət əşyaları müəssisəsinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edib.



Ali Məclisin sədri bildirib ki, bu müəssisələr o yerdə yaradılır ki, orada sabitlik, inkişaf, dövlət qayğısı və bazar olsun:

"Hazırda muxtar respublikada özəl bölmənin inkişaf etdirilməsi üçün həm sabitlik, həm də dövlət qayğısı və bazar mövcuddur. Muxtar respublikada əhalinin və turistlərin tələbatının artması onu deməyə əsas verir ki, zinət əşyaları bazarı da aktiv fəaliyyət göstərəcəkdir. Çünki zinət əşyaları hər bir insana, hər bir ailəyə lazım olur. Ona görə də müəssisədə keyfiyyətli və bazarın tələblərinə uyğun məhsul istehsal olunmalıdır".

V.Talıbov istehsal olunan məhsulların ölkə və xarici bazarda özünə yer tutacağına əminliyini bildirib.

"Müəssisədə zinət əşyalarından başqa, dövlət sifarişləri də yerinə yetiriləcək, muxtar respublikanın fəxri adlarının döş nişanları burada hazırlanacaqdır. Dövlət dəstəyinin göstərilməsi isə müəssisənin fəaliyyətinin genişləndirilməsinə şərait yaradacaqdır".



Müəssisə gün ərzində 5-10 kiloqram əlvan metalları əritmə gücünə, növündən, çəkisindən, modelindən, qiymətli qaş və brilyant miqdarından asılı olaraq 500 ədəd hazır məhsul istehsalı gücünə malikdir. Həmçinin cəmiyyətin Naxçıvan şəhərində firma mağazası da yaradılıb. Müəssisədə 35 nəfər işlə təmin olunub.

Xəbər lenti