Xəzər Xəbər

Ana ətri körpə üçün əvəzolunmazdır

Cəmiyyət | 14:02 • 9 Aprel 2018
Ana ətri körpə üçün əvəzolunmazdır

Statistikaya görə, passiv həyat sürənlər gün ərzində 18 min, fəal həyat sürənlər isə 23 min dəfə nəfəs alır və hər dəfə nəfəs alınanda müxtəlif iylər duyulur. Lakin elə xüsusi qoxu var ki, onu yalnız körpələr hiss edir. Ana və övladı bir-birinə məhz belə bir qoxu bağlayır.


Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, Səhiyyə Nazirliyinin baş pediatrı, professor Nəsib Quliyev körpə ilə ana arasındakı həmin ətri çox əhəmiyyətli hesab edir: ”Yeni doğulan körpə dünyaya gələn andan anasını tanımaq qabiliyyətinə malik olur. Doğulan andan uşaq ana ilə birlikdə olmalıdır. İndiki təlimat ondan ibarətdir ki, uşaq gün ərzində ən çoxu bir saat yarıma qədər anasından kənarda qala bilər”.


Yeni doğulan körpələrdə noradrenalin hormonu yüksək səviyyədə olur və uşaq öz hissiyyatlarından daha yaxşı istifadə etməyə başlayır. Həmin hal körpənin dünyaya göz açdığı bir neçə saat ərzində müşahidə edilir.


Pediatrlar ana qoxusunu körpənin inkişafı üçün vacib hesab edir. Analar yeni doğulan körpəni başqalarının himayəsinə buraxmamalıdır, çünki körpə ananın iyini hiss etməsə narahat olur, nəticədə yuxusuz, uzunmüddətli ağlamalar, hətta süddən imtina etmə halları yarana bilər.


Baş pediatrın dediyinə görə, zahı qadın süni vasitələrdən istifadə etməməlidir. Kosmetik vasitələr, spreylər və digər vasitələrdən istifadə edilməsi körpənin anadan uzaqlaşmasına, süddən imtinaya və bəzən də allergik vəziyyətlərin yaranmasına səbəb olur.

Xəbər lenti