Azərbaycan
Prezidentinin müvafiq sərəncamına uyğun olaraq, 2018-ci ilin aprelin
1-dən ölkəmizdə növbəti həqiqi hərbi xidmətə çağırış başlayıb.
XəzərXəbər xəbər verir ki, bir ay davam edəcək çağırış prosesində gənclər Vətənin
keşiyində əzmlə dayanmaq kimi şərəfli borcu yerinə yetirmək üçün əsgəri
xidmətə yollanacaqlar.
Qeyd edək ki, prezident İlham Əliyev
6 mart 2018-ci ildə "Azərbaycan Respublikası vətəndaşlarının 2018-ci il
aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və
müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması
haqqında" sərəncam imzalayıb.
Sərəncama əsasən, 2000-ci ildə
doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam
olmuş, habelə 1983–1999-cu illərdə doğulmuş, yaşı 35-dək olan,
Azərbaycan Respublikasının Silahlı Qüvvələrində
müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə
çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə
çağırışdan azad edilməmiş Azərbaycan vətəndaşları 2018-ci il aprelin
1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Eyni
zamanda "Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda nəzərdə tutulmuş
xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları
2018-ci il aprelin 1-dən 30-dək ehtiyata buraxılırlar.