Azərbaycanda xidməti minik avtomobilləri ilə təmin olunan dövlət orqanlarının sayı artırılıb.
Nazirlər Kabineti
bununla bağlı "Azərbaycan Respublikasında dövlət büdcəsindən
maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən
istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” qərarında müvafiq
dəyişiklik edib.
Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının Prezidenti
yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın
Katibliyi üçün xidməti minik avtomobillərinin say həddi (limiti)
müəyyənləşib. Bu dövlət orqanı 1 minik avtomobili ilə təmin olunacaq.
Qeyd edək ki, "Azərbaycan Respublikasının Prezidenti
yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya
haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2018-ci il 5 fevral tarixli fərmanı ilə İdarələrarası Komissiyanın
fəaliyyətinin təmin edilməsi üçün İdarələrarası Komissiyanın Katibliyi
yaradılıb. Bundan əvvəl isə İdarələrarası Komissiyanın İşçi qrupu mövcud
olub. Fərmana əsasən Katiblik dövlət orqanıdır və onun işçiləri dövlət
qulluqçularıdır. Katibliyin müstəqil balansı, istifadəsində olan dövlət
əmlakı, xəzinə və bank hesabları, üzərində Azərbaycan Respublikasının
dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürü, müvafiq ştampları
və blankları var.
Katiblik İdarələrarası Komissiyanın
qərarlarının icrasına nəzarət edir. dövlət sirri haqqında
qanunvericiliyin həyata keçirilməsi sahəsində dövlət qurumlarının
fəaliyyətini əlaqələndirir, Azərbaycan prezidentinin və Nazirlər Kabinetinin
İdarələrarası Komissiyaya verdikləri tapşırıqların icrasını təmin edir,
dövlət sirrinin mühafizəsi sisteminin təkmilləşdirilməsi məqsədi ilə
dövlət sirri haqqında qanunvericiliyin yerinə yetirilməsi sahəsində
dövlət qurumlarının fəaliyyətini öyrənir.
Eyni zamanda dövlət
sirrinin mühafizəsi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi məqsədi
ilə müvafiq təşkilatlarla əməkdaşlıq edir, dövlət sirrinin mühafizəsi
ilə bağlı məsələlərin həll edilməsi məqsədi ilə idarələrarası işçi və
ekspert qruplarının yaradılmasına, habelə ayrı-ayrı təşkilatların, o
cümlədən mütəxəssislərin işə cəlb edilməsinə dair təkliflər hazırlayır
və baxılmaq üçün İdarələrarası Komissiyaya təqdim edir. İdarələrarası
Komissiyanın fəaliyyətinin təmin edilməsi ilə bağlı İdarələrarası
Komissiyanın ona həvalə etdiyi digər funksiyaları həyata keçirir.