Xəzər Xəbər

İnzibati rəhbər vəzifələr üzrə test imtahanında 21 mamizəd uğur qazanıb

Cəmiyyət | 14:52 • 31 Mart 2018
İnzibati rəhbər vəzifələr üzrə test imtahanında 21 mamizəd uğur qazanıb

Martın 31-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib.


DİM-dən xezerxeber.az-a bildiriblər ki, imtahana qeydiyyat martın 6-dan 30-dək aparılıb və bu müddət ərzində 72 namizəd qeydiyyatdan keçib.


İmtahan kompüter vasitəsilə təlimata uyğun olaraq 3 saat müddətində keçirilib və namizədlərə biliklərini nümayiş etdirmələri üçün lazımi şərait yaradılıb. İmtahanda 70 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, AB4 altqrupu üzrə 2 nəfər, AC1 altqrupu üzrə 4 nəfər, AC2 altqrupu üzrə 2 nəfər, AC3 altqrupu üzrə 6 nəfər, AC4 altqrupu üzrə isə 7 nəfər olmaqla, ümumilikdə 21 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.


Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.


Test imtahanından müvəffəqiyyətlə keçən namizəd sertifikatı əldə etmək üçün aprelin 2-dən 13-dək DİM-in portalında müraciət formasını doldurmalıdır. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə ali təhsil haqqında sənədin və əmək kitabçasının (olduğu halda) skan edilmiş surətləri formaya əlavə edilir


Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə təqdim etməlidir.


İnzibati vəzifələrin müvafiq altqrupu üzrə sertifikata malik olan şəxs sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.


İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası aprelin 2–dən 4-dək saat 14.00-dan 17.00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə, 28 (keçmiş Bakı Asiya Universitetinin binası).

Xəbər lenti