Bu gün Azərbaycanda xalqın sevimli bayramlarından biri olan Novruz bayramı qeyd olunur.
Şamaxı
Astrofizika Rəsədxanasının məlumatına əsasən, yazın Azərbaycana gəlişi
martın 20-si saat 20:15:30-a təsadüf edəcək və bu zaman gecə-gündüz
bərabərliyi qeydə alınacaq. Buna görə martın 20-si bayram günü hesab
olunur.
Novruzun qeyd edilməsi yeni ilin, yazın ilk gününün
qarşılanması anlamına gəlir. Novruz bayramı 2009-cu il sentyabrın 30-da
YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib.
Novruz
bayramının mənşəyi qədimdir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini
təbiətin canlanması ilə bağlayıb, bu münasibətlə şənliklər keçirib, onu
yeni ilin başlanğıcı kimi bayram ediblər. Bəzi qədim inanclara görə,
kainat 4 ünsürdən — su, od, torpaq və küləkdən yaranıb. Məhz bu səbəbdən
də hər il Novruz bayramından əvvəl 4 çərşənbə qeyd olunur.
Novruz
bayramının özünəməxsus adət-ənənələri var: qulaq falına çıxmaq,
tonqalın üzərindən tullanmaq, səməni yetişdirmək, səməni xonçaları
bəzəmək, yumurta döyüşdürmək, qonaq getmək, şam yandırmaq, yallı getmək
və s.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, martın 20-dən 27-dək ölkədə qeyri-iş günüdür.