Bu gün Dövlət İmtahan
Mərkəzi (DİM) respublikanın 30 şəhər və rayonunda ümumtəhsil
müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci
mərhələsini, 23 şəhər və rayonunda isə ilk peşə-ixtisas təhsili
müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdləri üçün buraxılış
imtahanı keçirib.
DİM-dən XəzərXəbər-ə verilən məlumata görə, hər iki imtahanda ümumilikdə 36613 şagirdin imtahan verəcəyi nəzərdə tutulub.
Martın 19-dan etibarən DİM-də imtahan materiallarının emalına başlanılacaq.
İlk
peşə-ixtisas təhsili müəssisələrinin buraxılış imtahanının nəticələri
yaxın 2 gün ərzində elan ediləcəkdir. Şagirdlər imtahan nəticələri
haqqında məlumatı DİM-in internet saytından öyrənə biləcəklər. 9-cu
sinif şagirdlərinin yazı işləri isə (imtahan cavabları) DİM və onun
regional bölmələrində müvafiq təhlükəsizlik tələblərinə cavab verən
ekspertiza (yoxlama) zallarında, qapalı şəraitdə, kompüter arxasında
markerlər tərəfindən yoxlanılacaqdır. Yazı işlərinin yoxlanılması üçün
proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən
hazırlanıb.
Hər bir yazı işi əvvəlcə "scan” olunur və 2 marker
tərəfindən qiymətləndirilir (markerlərin qiymətləri arasında fərq
yarandıqda həmin yazı işi proqram tərəfindən 3-cü markerə göndərilir).
Yoxlama zamanı markerin kompüterinin monitorunda yazı işinin müəllifi
haqqında heç bir məlumat (ad, soyad, ata adı, şagird kodu, ünvan və s.)
verilmir. Monitorda yalnız yazı işi, yazı işini qiymətləndirmək üçün
meyarlar və qiyməti daxil etmək üçün müvafiq sahə göstərilir. Proqram,
həmçinin şagirdin yazı işini həmin şagirdin yaşadığı zonadan olmayan
markerlərin kompüterinə göndərir.
Bundan əlavə imtahanda
şagirdlərə təqdim olunan hər bir tapşırıq üçün ayrıca qiymətləndirmə
meyarı hazırlanıb və markerlər hər hansı bir tapşırığa aid yazı işini
yoxladıqda məhz həmin tapşırığın qiymətləndirmə meyarına əsaslanırlar.
Qiymətləndirmə meyarlarında tapşırığın mümkün həll üsulları və ehtimal
olunan (gözlənilən) cavablar nəzərə alınır. Qiymətləndirmə meyarı
tapşırığın qiymətləndirilməsi üçün dolğun təlimatdır və marker yazı
işini qiymətləndirərkən həmin tapşırığın qiymətləndirmə meyarından
kənara çıxmamalıdır.
İmtahanda istifadə olunan açıq tipli
tapşırıqların və inşanın (essenin) yoxlanılması uzun müddət tələb
etdiyindən nəticələrin imtahanın ikinci mərhələsi keçirilənədək elan
olunması nəzərdə tutulur.