Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi Novruz bayramı ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçəcək.
İdarənin mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumatda bildirilib ki, bayram günləri ilə əlaqədar, DİN
rəhbərliyinin göstərişinə əsasən, daxili işlər orqanlarının, o cümlədən
Dövlət Yol Polisinin bütün şəxsi heyəti martın 20-dən 27-dək
gücləndirilmiş iş rejimində xidmət aparacaq və bu müddət ərzində küçə və
yollarda hərəkət iştirakçılarının təhlükəsizliyinin, onların rahat və
fasiləsiz hərəkətinin təmin olunması üçün yol polisi təkcə şəhər və
rayonlararası yollarda deyil, bütün yerli əhəmiyyətli yollarda da
nəzarəti gücləndirəcək:
"Təhlillər göstərir ki, bayram
ərəfəsində və bayram günlərində qeydə alınan yol-nəqliyyat hadisələrinin
əksəriyyəti sürücülərin yorğun və yuxusuz vəziyyətdə nəqliyyat
vasitələrini idarə etmələri, habelə mövsümi hava şəraitini nəzərə almamaları səbəbindən baş verir".
Qeyd
olunub ki, belə qəzaların qarşısının alınması və hər bir hərəkət
iştirakçısının mənzil başına sağ-salamat çatması, eləcə də bayramın xoş
əhval ruhiyyə ilə keçirilməsi üçün Baş Dövlət Yol Polisi İdarəsi bütün
hərəkət iştirakçılarını küçə və yollarda son dərəcə diqqətli olmağa, yol
hərəkəti qaydalarına ciddi riayət etməyə dəvət edir.