DİM Sumqayıt, Abşeron,
Gəncə, Göygöl, Samux, Naftalan, Goranboy, Daşkəsən, Şəki, Oğuz, Qəbələ,
Lənkəran, Astara, Biləsuvar, Ağsu, Zərdab, Şamaxı, Kürdəmir, Ağdam,
Yevlax, Bərdə, Tərtər, İmişli, Saatlı, Sabirabad, Xaçmaz, Şabran
rayonlarının ümumtəhsil müəssisələrinin məzunları üçün ümumi orta təhsil
səviyyəsi üzrə (9-cu sinif) buraxılış imtahanının birinci mərhələsini
keçirib.
DİM-dən XəzərXəbər-ə verilən məlumata görə, imtahan 2 saat müddətində aparılıb. İnşa yazan
şagirdlərə test tapşırıqlarını cavablandırmaq üçün ayrılmış 2 saatlıq
müddət qurtardıqdan sonra 30 dəqiqə əlavə vaxt verilib.
İmtahan
prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət
göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə
saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub. Bütün binalarda
imtahan təlimata uyğun şəkildə keçirilib, şagirdlərin öz bilik
səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
Martın
12-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqələrinin
emalına başlanılacaq. Yazı işləri (imtahan cavabları) DİM və onun
regional bölmələrində müvafiq təhlükəsizlik tələblərinə cavab verən
ekspertiza (yoxlama) zallarında, qapalı şəraitdə, kompüter arxasında
markerlər tərəfindən yoxlanılacaqdır. Yazı işlərinin yoxlanılması üçün
proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən
hazırlanıb.
Hər bir yazı işi əvvəlcə "scan” olunur və 2 marker
tərəfindən qiymətləndirilir (markerlərin qiymətləri arasında fərq
yarandıqda həmin yazı işi proqram tərəfindən 3-cü markerə göndərilir).
Yoxlama zamanı markerin kompüterinin monitorunda yazı işinin müəllifi
haqqında heç bir məlumat (ad, soyad, ata adı, şagird kodu, ünvan və s.)
verilmir. Monitorda yalnız yazı işi, yazı işini qiymətləndirmək üçün
meyarlar və qiyməti daxil etmək üçün müvafiq sahə göstərilir.
Bundan
əlavə imtahanda şagirdlərə təqdim olunan hər bir tapşırıq üçün ayrıca
qiymətləndirmə meyarı hazırlanıb və markerlər hər hansı bir tapşırığa
aid yazı işini yoxladıqda məhz həmin tapşırığın qiymətləndirmə meyarına
əsaslanırlar. Qiymətləndirmə meyarlarında tapşırığın mümkün həll
üsulları və ehtimal olunan (gözlənilən) cavablar nəzərə alınır.
Qiymətləndirmə meyarı tapşırığın qiymətləndirilməsi üçün dolğun
təlimatdır və marker yazı işini qiymətləndirərkən həmin tapşırığın
qiymətləndirmə meyarından kənara çıxmır.
İmtahanda istifadə
olunan açıq tipli tapşırıqların və inşanın (essenin) yoxlanılması uzun
müddət tələb etdiyindən nəticələrin imtahanın ikinci mərhələsi
keçirilənədək elan olunması nəzərdə tutulur.