Nazirlər Kabineti "Ali
təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas
(baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının
magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili
Qaydaları”nda dəyişikliklər edib.
Dəyişikliyə əsasən, cari və aralıq qiymətləndirmənin ümumi nəticələrinə
görə fənn üzrə müvəffəq qiymət almış tələbə həmin fəndən kreditləri
qazanmış hesab olunacaq. Cari və aralıq qiymətləndirmənin ümumi
nəticələrinə, habelə aralıq qiymətləndirmənin nəticəsinə görə
qeyri-müvəffəq qiymət almış, eləcə də üzrlü və ya üzrsüz səbəbdən
imtahanda iştirak etməmiş tələbə bu fəndən kreditləri qazanmayacaq, yəni
həmin fənn üzrə akademik borcu qalmış olacaq.
Cari və aralıq
qiymətləndirmənin nəticələrinə, habelə aralıq qiymətləndirmənin
nəticəsinə görə, eləcə də üzrsüz səbəbdən imtahanda iştirak etmədiyinə
görə akademik borcu yaranmış tələbəyə həmin fənn (fənlər) üzrə təkrar
imtahan vermək (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna
olmaqla) və ya fənni (fənləri) yenidən dinləmək üçün şərait yaradılacaq.
Bu halda fənni (fənləri) yenidən dinləmədən kreditləri qazanmaq istəyən
tələbə bu imkandan təhsil proqramı ilə müəyyən olunmuş müddətdə həmin
fənn (fənlər) tədris olunduğu semestrdə (akademik borcu yaranan
semestrdə imtahan sessiyasından sonra növbəti semestr başlayanadək və ya
növbəti semestrlərdən birində imtahan sessiyası zamanı) istifadə edə
bilər.
Tələbə (üzrlü səbəbdən imtahanda iştirak etməyən
tələbələr istisna olmaqla) hər semestrdə fənni (fənləri) dinləmədən
ümumilikdə iki fənn üzrə (hər fəndən bir dəfə olmaqla) imtahanda iştirak
edə bilər. Üzrlü səbəbdən imtahanda (imtahanlarda) iştirak etməyən
tələbəyə isə növbəti semestrin dərsləri başlanana qədər bir dəfə həmin
imtahanı (imtahanları) vermək imkanı yaradılcaq Bu imkandan istifadə
etməyən tələbə üzrsüz səbəbdən imtahanda iştirak etməyən tələbə hesab
olunacaq. Bütün hallarda təkrar imtahan verən tələbənin ümumi
qiymətləndirilməsi zamanı onun fənni (fənləri) dinlədiyi semestrdəki
cari qiymətləndirilmənin nəticələri nəzərə alınacaq və qazandığı
kreditlər tədris planı üzrə həmin fənni (fənləri) dinlədiyi semestrə aid
olunacaq.
Üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbə
növbəti semestrin dərsləri başlanana qədər imtahanda iştirak etdikdə,
həmin fənn üzrə təkrar imtahan üçün ödəniş etmir, digər hallarda isə
tələbənin imtahan üçün ödəniş haqqı bu Qaydaların 4.3-cü bəndinin
tələblərinə uyğun həmin fənn üçün müəyyən edilən məbləğin 25 faizindən
çox olmamaq şərtilə ali təhsil müəssisəsinin ali idarəetmə orqanı
tərəfindən müəyyənləşdirilir və həmin müəssisənin rəsmi internet
səhifəsində yerləşdirilir. Bütün digər hallarda akademik borcu olan
tələbə fənni yenidən dinləməli və həmin fəndən (fənlərdən) dərslərdə
iştirak etməklə, onun (onların) mənim-sənilməsinə qoyulan tələbləri tam
yerinə yetirməlidir. Bu halda təhsil haqqının ödənilməsi bu Qaydaların
4.3-cü bəndinin tələblərinə uyğun həyata keçiriləcək.
Dəyişikliyə
görə, ödənişli əsaslarla əyani təhsilalma forması üzrə ali təhsil
müəssisəsinə qəbul olunan tələbəyə tədrisə tam cəlb olunma (fulltime) və
ya qismən cəlb olunma (parttime) növü üzrə təhsil almaq hüququ verilir.
Bu halda tədrisə tam cəlb olunan (fulltime) tələbənin normativ təhsil
müddətində illik təhsil haqqı tədris ilinə, tədrisə qismən cəlb olunan
(parttime) tələbə üçün isə bu Qaydaların 4.3-cü bəndinin tələblərinə
uyğun fərdi tədris qrafikinə əsasən götürdüyü fənlərin kreditlərinə görə
müəyyənləşdiriləcək.