Amerikanın "Foreign
Policy News” xəbər portalı siyasi icmalçı Covanni Visente Romeronun
"Azərbaycan qadınları müsəlman ölkələrinə və bütün dünyaya örnəkdir”
sərlövhəli məqaləsini yayıb. Müəllifin bu məqələsi Niderlandın nüfuzlu
Diplomat Magazine jurnalında da dərc edilib. Müəllif yazır ki, bu yaxınlarda Bakıda
startapların sürətlə inkişaf edən iqtisadi sisteminin aparıcı
təşkilatlarından 50 sahibkarın iştirakı ilə qadınlar arasında Startup
yarışı keçirilib. "TalentPort” startapından bu müsabiqənin qalibi olmuş
iki qadın Azərbaycanı Parisdə keçiriləcək böyük finalda təmsil edəcək.
Məqalədə
qeyd edilir ki, Azərbaycanın ilk korporativ sosial məsuliyyətli şirkəti
"TalentPort”un fəaliyyəti tələbə və əlillərin bacarıqlarının
yaxşılaşdırılması və onların etibarlı, iqtisadi cəhətdən səmərəli iş
mənbəyi əldə etməsi üçün müvəqqəti iş yerlərinin açılmasına yönəlib. Bu
şirkət qadın liderlərin müasir Azərbaycan cəmiyyətinə qiymətli
töhfəsinin bariz nümunəsidir.
Romero qeyd edir ki, 1918-1920-ci illərdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin
mütərəqqi hökuməti qadınların liberal və dünyəvi cəmiyyətin tamhüquqlu
üzvü olması üçün hər cür şərait yaratmışdı. Tanınmış polyak-amerikan
tarixçisi Tadeuş Svetoxovski "Rusiya Azərbaycanı (1905-1920)” kitabında
yazırdı ki, Azərbaycan Xalq Cümhuriyyəti
Milli Şurasının qəbul etdiyi Müəssislər Məclisi haqqında Qanun etnik
azlıqların və siyasi qrupların proporsional təmsilçiliyini və ümumi
seçki hüququnu nəzərə almaqla, faktiki olaraq Azərbaycanı müsəlman
dünyasında qadınlara siyasi hüquqlar verən ilk dövlətə çevirdi.
Ekspert yazır ki, beləliklə, Azərbaycan qadınları Avropanın
bir çox inkişaf etmiş ölkələrində və Amerika Birləşmiş Ştatlarında olan
həmcinslərindən daha əvvəl seçki hüququ əldə etdilər. Məsələn, ABŞ yalnız 1920-ci ildə - ölkə Konstitusiyasına 19-cu düzəlişi qəbul etməklə qadınlara analoji hüququ verdi.
1918-ci
ildən etibarən zərif cinsin nümayəndələri Azərbaycanda tərəqqi simvolu
olub və bu ənənə indi də davam edir. Romero qeyd edir ki, 2000-ci ilin
martında Azərbaycan Prezidenti Heydər Əliyev
"Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi
haqqında” Fərman imzalayıb. Bu sənəddə qadınların hökumətdə
proporsional şəkildə, həmçinin bərabərlik əsasında biznes və
iqtisadiyyatda iştirakının təmin edilməsi tapşırılıb.
Romero vurğulayır ki, yeni qanun Azərbaycan cəmiyyətində qadınların rolunun artırılması sahəsində tərəqqini təmin etdi. Hazırda Nazirlər Kabinetinin
üzvləri arasında zərif cinsin nümayəndəsi də var, 125 deputatdan ibarət
olan parlamentin isə 16 faizini qadınlar təşkil edir. Qadınlara qarşı
ayrı-seçkiliyin ləğvi üzrə BMT
Komitəsinin hesabatına görə, 2014-cü ildə qadınlar arasında işsizliyin
səviyyəsi əvvəlki illərdəki 49 faizdən 5,9 faizə düşüb. 2015-ci ilin
əvvəlində Azərbaycanda sahibkarların 18 faizini qadınlar təşkil edib.
Azərbaycan qadınları ölkənin Silahlı Qüvvələrində
də xidmət edirlər. Qadınlar üçün imkanların genişləndirilməsi siyasəti
Azərbaycandakı azlıqlara da şamil olunur. Məsələn, Azərbaycan Ali
Məhkəməsində vəzifə tutan qadınlardan birinin - Tatyana Aleksandrovna
Qoldmanın yəhudi icmasının nümayəndəsi olması dövlət rəhbərliyinin etnik
azlıqlara göstərdiyi xüsusi diqqətin bariz nümunəsidir.
Azərbaycanda
qadınların uğurlarından bəhs edən Romero istisna etmir ki, ölkədəki
zərif cinsin nümayəndələri üçün ilham mənbəyi birinci xanım Mehriban Əliyevanın nümunəsidir. UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri olan Mehriban xanım Əliyeva 2004-cü ildə təsis edilmiş Heydər Əliyev
Fondunun prezidenti kimi cəmiyyətdə mədəni və iqtisadi inkişafa,
xüsusən gənc qadınların rolunun artırılmasına böyük töhfə verib. Fondun
səyləri nəticəsində Azərbaycanda və digər ölkələrdə, o cümlədən Misir,
Rumıniya, Rusiya, Niderland, Pakistan və Gürcüstanda yeni xəstəxanalar,
muzeylər və məktəb binaları tikilib. 2017-ci ildə Mehriban xanım Əliyeva
Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin edilib.
Müəllif
məqalənin sonunda yazır ki, Azərbaycanda qadınların statusu və
nailiyyətləri zərif cinsin nümayəndələri haqqında mənfi stereotipləri
dağıtmağın və cəmiyyətdə, həmçinin bütün dünyada bərabərliyin necə
bərqərar olmasının mümkünlüyünü göstərir. Qadınlar qlobal qərarların
qəbul edilməsində təmsilçiliyin yaxşılaşdırılması, o cümlədən
planetimizdə bir çox münaqişələrin nizamlanması prosesinə töhfə
verirlər.