Xəzər Xəbər

Dəm qazından zəhərlənmə hallarının qarşısını almaq mümkündür

Cəmiyyət | 16:43 • 7 Mart 2018
Dəm qazından zəhərlənmə hallarının qarşısını almaq mümkündür

1 saylı Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə bu ilin yanvarında 18, fevralında 20, martın ötən dövrü ərzində isə 6 nəfər dəm qazı zəhərlənməsi ilə daxil olub. Zəhərlənənlərdən 70 faizini qadınlar olub. Ümumiyyətlə, şöbəyə yanvarda 2, fevralda 3, martın ilk həftəsi ərzində isə 1 uşaq dəm qazından zəhərlənmə səbəbi ilə gətirilib. Zəhərlənənlər arasında 25-40 yaşarası vətəndaşlar üstünlük təşkil edirlər. Toksikologiya şöbəsində dəm qazı zəhərlənməsindən ölüm faktı qeydə alınmayıb, xəstələr müayinə və müalicələrdən sonra evə buraxılıblar.

Ötən il havaların nisbətən sərt və soyuq keçməsi səbəbindən dəm qazı zəhərlənmə hadisələri bu ilin müvafiq dövrlərinə nəzərən daha çox olub.

Xezerxeber.az məlumat verir ki, bu barədə şöbənin müdiri, Səhiyyə Nazirliyinin baş toksikoloqu Azər Maqsudov jurnalistlərə açıqlamasında məlumat verib.

O, bildirib ki, fevralda 2 nəfər sirkə turşusu, 11 nəfər isə kəskin allergik reaksiya səbəbindən şöbəyə gətirilib ki, bunların da çoxu dərman qəbulundan sonra meydana gəlib. Bundan əlavə, demək olar ki, hər gün və ya günaşırı 6-7 nəfər spirtli içki ilə əlaqədar şöbəyə müraciət edir, həkimlərin tibbi yardımından sonra evə buraxılırlar.

Dəm qazı zəhərlənmələrinin əksəriyyətinin hamam otağında baş verdiyini vurğulayan şöbə müdiri əhaliyə bununla bağlı tövsiyə və xəbərdarlıq edib: "Qaz cihazı olan yerlərdə diqqətli olmalı, qaydalara riayət edilməlidir. Əgər dəm qazından zəhərlənmiş xəstənin huşu özündədirsə, onu təmiz havaya çıxarmaq vacibdir. Zəhərlənmə nəticəsində bədən temperaturu düşdüyü üçün həmin şəxsin üstünü örtmək, ona isti içki vermək lazımdır. Sonra isə tibb mütəxəssisinə dəqiq müayinə məqsədilə müraciət edilməlidir. Huşu özündə olmayanların isə dərhal qapalı mühitdən çıxarılmasından sonra mümkünsə nəfəs yollarını açmaq üçün ağız boşluğundakı seliyi təmizləmək və mütləq təcili tibbi yardıma xəbər etmək lazımdır. Dəm qazından zəhərlənmə hallarının qarşısını almaq mümkündür. Belə ki, dəm qazı əmələ gələrkən xəbərdarlıq edən qurğular var. Onları qaz cihazlarına yerləşdirən zaman zəhərli qazın əmələ gəlməsini işarə edir və qaz verilişi dayanır”.

Baş toksikoloq Azər Maqsudov mövsümlə əlaqədar ilan və əqrəb sancmalarının olmadığını da qeyd edib.

Xəbər lenti