Xəzər Xəbər

Məktəbliləri yol qəzalarından qorumaq üçün profilaktiki tədbirlər görülür

Cəmiyyət | 09:56 • 7 Mart 2018
Məktəbliləri yol qəzalarından qorumaq üçün profilaktiki tədbirlər görülür

Hadisələrin qarşısının alınması istiqamətində profilaktik tədbirlərin gücləndirilməsi, eləcə də ümumtəhsil məktəblərinin şagirdlərində təhlükəsiz davranış vərdişlərinin aşılanması istiqamətində maarifləndirici tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şəki regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, təhlükəsizliyin təmin edilməsi ilə bağlı təbliğat və təşviqat, maarifləndirmə xarakteri daşıyan tədbir Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin təşkilatçılığı ilə şəhər 3 nömrəli orta məktəbdə keçirilib.

Tədbirdə çıxış edən polis bölməsinin əməkdaşı Aqil Zeynalov yollarda piyadaların vurulmasının ciddi narahatlıq doğurduğunu və DİN-in rəhbərliyi tərəfindən respublika üzrə belə görüşlərin keçirilməsi barədə göstəriş verildiyini xatırladıb. O, əsas məqsədin insanları, xüsusən də məktəbliləri maarifləndirmək, onları yol qəzalarının qurbanı olmaqdan qorumaq olduğunu diqqətə çatdırıb. Hadisələrin qarşısının alınması üçün profilaktiki tədbirlərin vacibliyini qeyd edən A.Zeynalov məktəblilərə piyadanın vəzifələri, küçə hərəkəti qaydaları, təhlükəsiz davranış vərdişləri barədə geniş məlumat verib.

Qeyd edilib ki, hər bir məktəbli yol hərəkəti qaydaları ilə bağlı bu məsələləri diqqət mərkəzində saxlasa, evdə valideyn, məktəbdə müəllim onları maarifləndirsə, onda uşaqlar daha çox ehtiyatla davranar və təhlükədən uzaq olarlar. Ümumiyyətlə, ibtidai sinif şagirdləri dərsə gedərkən və qayıdarkən valideyn nəzarəti vacibdir. Piyadalar maşın yolunda qaydalara riayət etmədikdə, onların təqsiri üzündən ölümlə nəticələnən qəzalar qaçılmaz olur.

Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti