Xəzər Xəbər

DİM: Namizədlərdən 355 nəfəri müsahibələrdə iştirak etməkdən imtina edib

Cəmiyyət | 15:13 • 6 Mart 2018
DİM: Namizədlərdən 355 nəfəri müsahibələrdə iştirak etməkdən imtina edib

Dövlət İmtahan Mərkəzi (DİM) yanvarın 11-də 77 dövlət orqanında mövcud olan 1126 vakant vəzifə üzrə müsabiqənin müsahibə elanı üzrə qeydiyyatdan keçən namizədlərlə müsahibə mərhələsini davam etdirir.

Mərkəzdən xezerxeber.az-a verilən məlumata görə, müsahibələr Bakı şəhəri, həmçinin DİM-in Gəncə, Şəki, Şirvan, Göyçay, Lənkəran, Bərdə regional bölmələri, Mingəçevir, Quba regional "ASAN” xidmət mərkəzi daxil olmaqla 18 müxtəlif yerdə təşkil edilir.

Müsahibə mərhələsi üzrə indiyə qədər qeydiyyatdan keçən namizədlərlə 574 müsahibə keçirilib. Müsahibələrdə iştirak edən 206 namizəd iddia etdiyi vəzifəyə uyğun hesab edilib, 363 namizəd isə vəzifəyə uyğun hesab edilməyib. 5 nəfərin nəticəsi etibarsız hesab edilib. Qeydiyyatdan keçən namizədlərdən 355 nəfəri müsahibələrdə iştirak etməkdən imtina edib, 268 namizəd isə müsahibələrdə iştirak etməyib.

DİM-dən bildirilib ki, namizədlərin vəzifələr üzrə bir neçə müsahibənin qeydiyyatından keçməsi üçün məhdudiyyət nəzərdə tutulmayıb. Nəticədə bəzi namizədlər bu haldan sui-istifadə edərək 10, 20 və daha çox vəzifə üzrə qeydiyyatdan keçiblər: "Ümumilikdə isə orta hesabla 1 nəfər 3 müsahibədə iştirak etmək üçün qeydiyyatdan keçmişdir. Müsahibələrin təşkili və keçirilməsi üçün DİM və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurs sərf olunur. Nəzərə almaq lazımdır ki, müsahibələr ilk dəfə olaraq regionlarda da keçirilir və bu məqsədlə DİM və dövlət orqanlarının nümayəndələri bu bölgələrə ezam olunurlar".

Müsahibələrdə iştirak etmək istəməyən namizədlər müsahibə tarixinə 1 gün qalmış, səhər saat 10:00-dək müraciətlərini buradan ləğv edə bilərlər.

Namizədlərlə müsahibələrin keçirilməsi martın 16-dək davam edəcək.

Xəbər lenti