Xəzər Xəbər

Bakıda qadın sahibkarlığının inkişafı ilə bağlı tədbir keçirilib

Cəmiyyət | 12:18 • 6 Mart 2018
Bakıda qadın sahibkarlığının inkişafı ilə bağlı tədbir keçirilib

Martın 6-da Bakıda "SHE Congress” beynəlxalq qadınlar konqresi işə başlayıb.

Xezerxeber.az məlumat verir ki, tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycan tarixinin bütün dövrlərində qadın mövzusunun aktual olduğunu söyləyib. O deyib ki, Azərbaycanda qadınların hüquqlarının qorunması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu, həmişə belə olub. 1918-ci ildə Şərqdə ilk dəfə Azərbaycanda qadına seçmək və seçilmək hüququ verilib.

Komitə sədri qeyd edib ki, ümummilli lider Heydər Əliyev qadınların idarəetmədə iştirakına və irəli çəkilməsinə hər zaman önəm verib. Ulu Öndər qadın hüquqlarının müdafiəsini siyasi fəaliyyətinin tərkib hissəsi hesab edib, milli qadın hərəkatının formalaşması, institutlaşması üçün böyük işlər görüb. Bu gün bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanda qadın sahibkarlığının inkişafı, qaçqın və məcburi köçkün qadınların hüquqlarının qorunması istiqamətində bir sıra önəmli sənədlər imzalayıb.

Diqqətə çatdırılıb ki, 2006-cı ildə Prezident İlham Əliyevin Fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Eyni zamanda, hüquqi bazanın yenidən təkmilləşdirilməsi və bərabər hüquqların təmin edilməsi üçün "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında”, "Məişət zorakılığının qarşısının alınması haqqında” qanunlar qəbul olunub. Ölkəmiz gender bərabərliyi sahəsində beynəlxalq konvensiyalara qoşulub. "Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında da gender məsələsi xüsusi nəzərə alınıb. Qadınlara qarşı zorakılığın qarşısının alınması, məşğulluq sahəsində bərabər imkanların yaradılması, dövlət siyasətində qadınların önəmli yer tutması diqqət mərkəzindədir.

Vurğulanıb ki, birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva özünün həm ictimai-siyasi fəaliyyəti, həm də elmi yaradıcılığı ilə müasir dövrdə Azərbaycan qadınlarına nümunədir. O, müasir Azərbaycan qadın hərəkatının lideri kimi ölkəmizin tərəqqisi naminə mühüm işlər görür.

Ermənistanının işğalçılıq siyasəti nəticəsində Azərbaycan qadınının üzləşdiyi çətinliklər barədə də məlumat verən Hicran Hüseynova bildirib ki, gender bərabərliyi hətta ən çətin zamanda da dövlətin diqqətindədir.

"Azərbaycanın 100 işgüzar xanımı” təşkilatının sədri Tatyana Mikayilova bildirib ki, qadınların cəmiyyətdə kişilərlə bərabər hüquqlara malik olmaları üçün müxtəlif sahələrdə islahatlar aparılmalıdır. Qızların, qadınların hüquqlarının pozulmasını araşdırmaq üçün, ilk növbədə, cinsi seleksiya məsələlərinə nəzər yetirmək lazımdır.

Tədbirdə digər çıxış edənlər "SHE Congress” layihəsi barədə məlumat veriblər. Bildirilib ki, layihənin əsas məqsədi biznesdə öz sözünü demiş, ailə həyatını və analığı karyerası ilə uğurla uyğunlaşdıra bilən qadınların öz təcrübələrini çətinlik çəkən və biznesdə ilk addımları atanlarla bölüşməkdir.

Xatırladaq ki, "SHE Congress” beynəlxalq qadınlar konqresi Bakıda ikinci dəfədir keçirilir. Konqresin əsası 2014-cü ildə Kiyevdə qoyulub.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024

Xəbər lenti

Çox oxunanlar