Ana və uşaq sağlamlığının profilaktikası üçün yönəlmiş hamiləliyin registri proqramı artıq fəaliyyətə başlayıb.
Səhiyyə
Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, baş mama-ginekoloq,
Respublika Perinatal Mərkəzinin direktoru Sevinc Məmmədova bildirib ki, hamiləliyin registri vasitəsilə hamilə qadınlarda
fəsadlaşma olan zaman onlara təcili müdaxilə etmək mümkün olacaq.
"2014-2016-ci illərdə ana və uşaq sağlamlığının qorunmasına dair Dövlət
Proqramında hamiləliyin registrinin təkmilləşməsi nəzərdə tutulmuşdu.
Bununla bağlı Səhiyyə Nazirliyində müəyyən tədbirlər həyata keçirilib.
Bu tədbirlərdən biri də registri təkmilləşdirərək onun bütün
Respublikada antenantal qulluq göstərən doğuşayardım tibb
müəssisələrində tətbiq etmək idi. Təkmilləşmə ilə əlaqədar son iki ayda
hazırlıq işləri aparılıb və fevralın 13-də Respublika Perinatal Mərkəzin
nəzdində ilk seminar məşğələ təşkil olunub. Burada Bakı
Şəhər Səhiyyə İdarəsinin tabeliyində olan antenantal qulluq göstərən 19
tibb müəssisəsinin həkimləri, hamiləliyin registrinə cavabdeh olan
şəxslər, baş həkimlər dəvət olunaraq registr təqdim olunub”.
S.Məmmədova
qeyd edib ki, registr hamilə qadının hara müraciət etməsindən asılı
olmayaraq, onun haqqında məlumatı tez zamanda əldə etməyə imkan verəcək:
"Məsələn, hamilə qadın 2 nömrəli qadın məsləhətxanasına müraciət edib
və yoxlanıb, müəyyən müddətdən sonra rayona gedib. Orada getdiyi həkim
registrə daxil olmaqla məlumatları əldə edə biləcək. Xəstənin
problemlərini kağız daşıyıcılar olmadan biləcək. Bu proqram vasitəsilə
baş həkim öz işçilərinin fəaliyyətinə istənilən vaxt elektron qaydada
nəzarət edəcək. Həmçinin rəhbər strukturlar istənilən vaxt registrin
nəzarət bölməsinə daxil olaraq həkimlərin fəaliyyətinə, hamilələrin
sayına, xəstəliyi olanların qeydiyyata düşməsinə baxa biləcək. Registr
hamilə qadınlarda yoxlamalar zamanı üzə çıxan xəstəlikləri, ürək
qüsurları olması, hamiləliyin fəsadlaşması və digər problemləri
əvvəlcədən görməyə və tez zamanda lazımi addımlar atmağa imkan verəcək.
Mart ayının sonuna kimi Respublikanın 63 bölgəsinin registri təqdim
ediləcək. Eyni zamanda respublikada olan 12 özəl tibb müəssisəsi üçün
registrin təqdimatı keçiriləcək və onlar bu prosesə qoşulacaq. Buna
səbəb hamilələrin özəl klinikalara qaçmasıdır. Müəyyən müddətdən sonra
fəsadlaşma meydana gələndə, pul qurtaranda onlar dövlət müəssisənə üz
tuturlar. Dövlət müəssisənə gələn zaman özəl xəstəxanada necə və nədən
müalicə aldıqları barədə məlumat ala bilmirik. Onlar registrə qoşulduqda
məlumatları rahatlıqla istifadə edib qadınlara lazımi yardımı göstərə
bilərik”./azvision.az