Xəzər Xəbər

Nişanlı qızların sevinci və hazırlanan qovut

Cəmiyyət | 12:02 • 9 Fevral 2018
Nişanlı qızların sevinci və hazırlanan qovut

Qovurğa qovurular, sonra üyüdülüb üstünə şirə tökülərək qovut hazırlanar, bayram xonçası bəzənər və nişanlı qızlara xonçalar aparılar.

Sadaladığımız bu adətlər qədim tarixə malik olan və el arasında geniş yayılmış mərasimlərindən biri də Xıdır Nəbi (Xıdır İlyas) adlanan bayramın simvollarındandır.

Xalq arasında belə bir inam Xızır peyğəmbər darda qalanların, çətinliyə düşənlərin, xəstələrin hamisinə çevrilməklə ən çətin anda onların köməyinə çatıb.

Qışın ən çətin dövründə Xızır peyğəmbərin şərəfinə Xıdır Nəbi mərasimini təşkil etmək, onu köməyə çağırmaq qışın çətinliyindən, soyuğundan xilas olmaq anlamına gəlir.

Hər il fevral ayının 9-u, 10-u, bəzi kəndlərdə isə 14-ü, 15-i (Xızır İlyasın doğulduğu gün) Xıdır Nəbi bayramı xüsusi adət-ənənələr və təntənəli şəkildə qeyd olunur. Mərasim həm də fevralın 1-dən 20-sinə kimi olan kiçik çilləyə təsadüf edir.

Naxçıvandan toplanılmış rəvayətlərdən birində deyilir ki, "Xızır peyğəmbər bir qabda dirilik suyu götürüb insanlara gətirirmiş. Çox yorulduğundan yolda bir ağacın kölgəsində yatır. Bu, çinar ağacı imiş. Birdən qab aşır, su tökülür çinarın dibindəki çuxura. Suyun bir hissəsini qarğalar gəlib içir. Qalanını da çinarın kökləri çəkir. Ona görə də deyirlər ki, qarğalar üç yüz il yaşayırlar, çinar ağacı da uzun­ömürlüdür”.

AMEA Folklor İnstitutu, "Folklor və yazılı ədəbiyyat şöbəsi”nin böyük elmi işçisi Əpoş Vəliyev bildirib ki, tədqiqatlarda Xıdır Nəbi bir şəxsiyyət olaraq "su, külək və havanın himayəçisi” kimi təqdim edilir: "Azərbaycan folklorunda Xızır, Xıdır baba və Xıdır Zində ilə bağlı inamlar üstünlük təşkil edir. Eyni zamanda həmin inamları çoxşaxəli də adlandırmaq olar. Məsələn, "Tut ağacını qurumamış kəs­mək günahdır”. Deyilənə görə, bu ağacı Xızır peyğəmbər ehsanlıq üçün əkib. Yaxud "Xızır gecəsi” peyğəmbər hansı qapıdan öz buğda payını apararsa, həmin il o evin ruzisi artar, bərəkəti olar.

Onun adının Xızır, Xızır İlyas, Xıdır Nəbi, Xıdır baba və Xıdır Zində olması haqda fikirlər müxtəlifdir. Kiçik çillənin çıxması münasibətilə keçirilən "Xıdır Nəbi” bayramı əsasən Naxçıvan, Tovuz, Qazax və s. bölgələrdə müxtəlif adlarla (Xıdır İlyas, Xıdır Zində) keçirilir”.

Əgər Novruzun atributu səmənidirsə, Xıdır Nəbidə buğda baş roldadır.

Folklorşünas deyir ki, bir çox bölgələrdə qeyd olunsa da, Naxçıvanda Xıdır Nəbi bayramına xüsusi hazırlıq görülür. Bir neçə gün öncədən həyət-baca, ev eşik təmizlənir. Bir neçə ay öncədən tədarük edilmiş ərzaq, azuqə kisələrinin, torbalarının ağzı açılır.

Bayramın əsas atributları qovurulmuş buğda (qovurğa) və qovut hesab olunur. Buna görə də təmizlənib yuyulmuş buğdadan ocaq üstündə qızdırılmış sacda qovurğa hazırlanır. Qovurğa sonra kirkirədə (dəstərdə) cəkilərək, iki hissəyə ayrılır. İri dənəciklər yarmalıq üçün, narın hissə isə qovut üçün qablara yığılır. Qovutu hazırlamaq üçün kirkirədə çəkilmiş qovurğanın narın hissəsindən qaba tökülür, üstünə doşab, şirə və ya şəkər tozu əlavə edilərək qarışdırılır. Ovucda sıxılaraq bərkidilir və qablara yığılaraq süfrəyə qoyulur”.

Bayram günü xüsusi Xıdır Nəbi xonçası hazırlanır. Bunun üçün qarğıdalı, şabalıd, badam, noxud, küncüt, günəbaxan toxumu və s. də qovurulur. Qovurulmuş çərəzlər qovurğa ilə qarışdırılır. Qarışığa innab, iydə, kişmiş, qoz, fındıq və meyvə quruları da qatılır. Həmin xonçanın ortasına bir qabda qovut da qoyulur. Xonça evdə əlçatmayan hündür bir yerə qoyulur. İnama görə gecə Xızır peyğəmbər gəlir, ona əl basır. Bayram süfrəsinə xəmirdən və yarmadan bişirilmiş xörəklərlə yanaşı plov da qoyulur. Bu yeməklər isti-isti yeyildiyi üçün soyuqda bədənə istilik gətirir.

"Baltakəsmə”, "bıçaqkəsmə”, "qorxutma”

Folklorşünas deyir ki, Xıdır Nəbi bayramı günü müxtəlif ayinlər də həyata keçirilir. Məsələn, evin ağsaqqalı bıçağı götürüb tövləyə girər. Həmin ili bala verməyən, qısır olan mal-heyvanın yanında dayanıb deyər ki, evdə yağımız, ətimiz, yavanlığımız qurtarır, bu da bu il bala vermədi. Mən də bunu kəsirəm. Evin ağbirçəyi də gəlib deyər ki, kəsmə. Bundan sonra hər il bala verəcək. Verməsə kəsərsən. Oxşar hal ağacın bar verməsi, toyuğun yumurtlaması üçün də edilir. Bu inanclarda qorxudularaq mal-qaranın bala verməsi, toyuqların yumurtlaması, ağacların isə bar verməsi tələb olunur. Bu inamlar "baltakəsmə”, "bıçaqkəsmə”, "qorxutma” və s. adlanır.

Naxçıvanda Xıdır Nəbi bayramında nişanlılara və təzə gəlin köçmüş qızlara pay aparmaq adəti də var. Oğlan evindən nişanlı qızlara, ata evindən isə təzə gəlinlərə Xıdır xonçası aparmaq ənənəsi geniş yayılıb.

Bayram günü ən çox uşaqlar sevinir. Hava qaralandan sonra onlar qapılara gedib torba atır və Xıdır payı istəyirlər. Uşaqlar həyətlərə girər, evlərin qapısına yaxınlaşaraq xorla bu mahnını oxuyaraq ev sahiblərini səsləyirlər.

Uşaqların torbalarına Xıdır xonçasındakı şirniyyat, çərəz və qovurğa qoyularaq yola salınar. Xıdır Nəbi bayramından sonra artıq yalançı çərşənbə gəlir. Daha sonra isə xəbərçi çərşənbə gəlir. Bu bayram həm də Novruza giriş rolunu oynayır. Xıdır Nəbi bayramından sonra torpaq, od, su və ilaxır çərşənbələr gəlir və sonra Novruz bayramı qeyd edilir. Xıdır Nəbi bayramı təbiətin oyanmasının, canlanmasının başlanğıcı sayılır./publika.az

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
517 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti