Xəzər Xəbər

Kamran Əliyev Bakıda evakuatorların yoxa çıxmasının səbəbinə aydınlıq gətirdi

Cəmiyyət | 14:52 • 30 Yanvar 2018
Kamran Əliyev Bakıda evakuatorların yoxa çıxmasının səbəbinə aydınlıq gətirdi

Bakıda avtomobillərin evakuasiya edilməsi qadağan edilib.


Bu barədə BAKU.WS-ə etibarlı mənbədən məlumat verilib.


Mənbə bildirir ki, dekabrın 21-dən etibarən Bakıda evakuatorların fəaliyyətinin kəskin məhdudlaşdırılması barədə tapşırıq verilib.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) ilə əlaqə saxladıq.


BDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev BAKU.WS-ə bildirdi ki, evakuatorların işinə heç bir qadağa qoyulmayıb, lakin qanunvericilikdə müvafiq dəyişikliklər olunub


Onun sözlərinə görə, yalnız dayanma-durma qaydasını pozmuş nəqliyyat vasitəsi nəqliyyatın hərəkət sıxlığına təsir etdikdə, mühüm dərəcədə məhdudlaşdırdıqda evakuasiya oluna bilər.


"İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə görə, evakuatorlar əvvəlki kimi dayanma-durma qaydalarını pozan avtomobilləri evakuasiya etmir. Qeyd etdiyim kimi əgər nəqliyyat vasitəsi digər avtomobillərin hərəkətini məhdudlaşdırırsa, evakuasiya edilir, cərimə meydançasına aparılır. Dayanma-durma qaydasını pozan sürücü yerində cərimələnir”, - deyə Kamran Əliyev bildirdi.


BDYİ rəsmisinin sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinə dəyişiklik 2017-ci ilin iyul ayından qüvvəyə minib.


Onu da bildirək ki, İXM-nə edilən dəyişikliyin tətbiqindən sonra paytaxt yollarında sürücülərin çox sayda qayda pozuntusuna rast gəlinir. Belə ki, evakuatorların fəaliyyətinin məhdudlaşdırılmasından istifadə edən bəzi sürücülər maşını yollarda hətta 3 cərgədə saxlayırlar.

Xəbər lenti